< Yeşua 14 >

1 İsrail övladları Kənan torpağından irs olaraq aldıqları torpaqlar bunlardır; bu torpaqları kahin Eleazar, Nun oğlu Yeşua və İsrail övladları qəbilələrinin nəsil başçıları, 2 Rəbbin Musa vasitəsilə buyurduğu kimi doqquz qəbilə və bir qəbilənin yarısı üçün irs olaraq püşk ilə böldülər. 3 Çünki Musa iki qəbilə ilə yarım qəbilənin irs olan torpağını İordanın şərq tərəfində onlara vermişdi, lakin onların arasında Levililərə irs olaraq torpaq verməmişdi. 4 Çünki Yusif övladları Menaşşe və Efrayim qəbiləsindən ibarət iki qəbilə oldu. Bundan sonra Levililərə yaşamaqdan ötrü şəhərlərdən, sürüləri və naxırları üçün otlaqlardan başqa heç bir torpaq hissəsi verilmədi. 5 İsrail övladları Rəbbin Musaya buyurduğu kimi etdilər və torpağı bölüşdürdülər. 6 Belə bir zamanda Yəhuda övladları Qilqala – Yeşuanın yanına gəldilər. Qenizli Yefunne oğlu Kalev Yeşuaya dedi: «Qadeş-Barneada Rəbbin səninlə mənim haqqımda Allah adamı Musaya dediyi sözü sən özün bilirsən. 7 Rəbbin qulu Musa ölkəni gözdən keçirtmək üçün Qadeş-Barneadan məni göndərəndə qırx yaşında idim. Mən ona səmimi qəlbdən müjdə gətirdim. 8 Lakin mənimlə birlikdə gedən soydaşlarım xalqın ürəyini üzdülər. Amma mən səmimi qəlblə Allahım Rəbbin ardınca getdim. 9 O gün Musa and içib dedi: “Sən qədəm basdığın torpaq mütləq sənə və sənin övladlarına əbədi irs olaraq veriləcək, çünki sən Allahım Rəbbin ardınca səmimi qəlblə getdin”. 10 İndi artıq İsraillilər səhrada gedərkən Rəbbin Musaya bu sözü dediyi vaxtdan qırx beş il keçir. Rəbb dediyi kimi mənə ömür verdi, bax mən bu gün səksən beş yaşındayam. 11 Musanın məni göndərdiyi vaxta olduğum kimi bu gün də qüvvətliyəm. O zaman qüvvətim necə idisə, indi də girib-çıxmaq və döyüşmək üçün elə qüvvətim var. 12 Buna görə də Rəbbin o zaman dediyi bu dağlıq yeri sən indi mənə ver. Bu dağlıq yerdə Anaqlıların, böyük və qala divarlı şəhərlərin olduğunu o gün sən də eşitdin. Bəlkə Rəbb mənimlə olar və mən də Rəbbin dediyi kimi onları qovaram». 13 Yeşua ona xeyir-dua verdi. Xevronu Yefunne oğlu Kalevə irs olaraq verdi. 14 Bunun üçün Xevron bu günə qədər Qenizli Yefunne oğlu Kalevin irs torpağıdır. Çünki o, səmimi qəlblə İsrailin Allahı Rəbbin ardınca getmişdi. 15 Xevronun adı əvvəlcə Qiryat-Arba idi. Anaqlılar arasında Arba ən böyük adam olmuşdu. Ölkə müharibədən dincliyə çıxdı.

< Yeşua 14 >