< Yunus 2 >

1 Yunus balığın qarnından Allahı Rəbbə dua edib dedi: 2 «Əzab içində Rəbbi çağırdım, O mənə cavab verdi. Ölülər diyarının bağrından fəryad etdim, Sən mənim səsimi eşitdin. (Sheol h7585) 3 Sən məni dərinə, dənizin qoynuna atdın, Məni sellər sarıdı, Sənin bütün ləpələrin və dalğaların Üstümdən keçdi. 4 Mən dedim: “Sənin gözlərinin önündən qovuldum”, Lakin yenə Sənin müqəddəs məbədini görəcəyəm. 5 Nəfəsim kəsilənə qədər məni sular bürüdü, Məni dərinliklər aldı, Başıma yosunlar sarıldı. 6 Dağların dibinə qədər endim, Arxamca əbədilik dünya bağlandı. Lakin, ya Rəbb Allahım, Sən canımı dərin çuxurdan çıxartdın. 7 Daxilimdə canım üzüləndə Rəbbə üz tutdum, Mənim duam Sənə, Sənin müqəddəs məbədinə çatdı. 8 Puç olan bütlərə səcdə edənlər Onlara verilən lütfdən imtina edərlər. 9 Amma mən Sənə şükür nəğməsi ilə qurban gətirəcəyəm, Əhdimi yerinə yetirəcəyəm. Xilas Rəbdədir!» 10 Rəbb balığa əmr etdi və balıq Yunusu ağzından quruya qaytardı.

< Yunus 2 >