< Yəhya 7 >

1 Bu hadisələrdən sonra İsa yalnız Qalileyada gəzirdi. Yəhudi başçılarının Onu öldürməyə çalışdıqlarına görə daha Yəhudeyada gəzmək istəmirdi. 2 Yəhudilərin Çardaqlar bayramı yaxınlaşırdı. 3 Qardaşları İsaya dedi: «Buradan çıxıb Yəhudeyaya get ki, şagirdlərin də etdiyin işləri görsün. 4 Çünki Özünü məşhur etməyə çalışan adam heç nəyi gizlicə etməz. Sən bunları edirsənsə, Özünü dünyaya tanıtdır». 5 Çünki qardaşları da Ona iman etmirdi. 6 Onda İsa onlara dedi: «Mənim vaxtım hələ gəlməyib, sizin üçünsə hər vaxt münasibdir. 7 Dünya sizə nifrət edə bilməz, amma Mənə nifrət edir, çünki Mən onun əməllərinin şər olduğuna şəhadət edirəm. 8 Siz bayrama gedin, Mənsə hələ vaxtım tamam olmadığı üçün bu bayrama getməyəcəyəm». 9 İsa bu sözləri söylədikdən sonra Qalileyada qaldı. 10 Ancaq Onun qardaşları bayrama gedəndən sonra O da açıq yox, gizlicə bayrama getdi. 11 Yəhudi başçıları bayramda İsanı axtararaq «O haradadır?» deyirdilər. 12 Camaat arasında Onun barəsində çoxlu dedi-qodu gəzirdi. Bəzisi «yaxşı adamdır», başqaları isə «xeyr, xalqı aldadır» deyirdi. 13 Lakin Yəhudi başçılarının qorxusundan heç kəs Onun barəsində açıq danışmırdı. 14 Artıq bayramın yarısı keçəndə İsa məbədə gedib təlim öyrətməyə başladı. 15 Yəhudi başçıları buna heyrətlənib dedilər: «Bu Adam yaxşı təhsil almadığı halda necə olub ki savadlıdır?» 16 İsa da onlara cavab verdi: «Öyrətdiyim təlim Mənim deyil, Məni Göndərənindir. 17 Kim Onun iradəsini yerinə yetirmək istəyirsə, təlimimin Allahdan olduğunu, yoxsa Özümdən söylədiyimi biləcək. 18 Özündən söyləyən öz izzətini axtarır, lakin Onu Göndərənə izzət axtaran Şəxs haqdır, Onda yalan olmaz. 19 Qanunu sizə Musa vermədimi? Amma heç biriniz Qanuna əməl etmirsiniz. Niyə Məni öldürməyə çalışırsınız?» 20 Xalq cavab verdi: «Səndə cin var. Kim Səni öldürməyə çalışır?» 21 İsa onlara dedi: «Mən bir iş gördüm və hamınız buna heyrətlənirsiniz. 22 Musa sizə sünnət etməyi buyurdu, amma Musa yox, ata-babalarınız bunun əsasını qoydu. Siz Şənbə günü də adamı sünnət edirsiniz. 23 Musanın Qanunu pozulmasın deyə Şənbə günü adam sünnət edilir; bəs Şənbə günü bir adamı tamam sağaltdığıma görə Mənə niyə qəzəblənirsiniz? 24 Zahirə görə mühakimə etməyin, ədalətlə mühakimə edin». 25 Onda Yerusəlimlilərin bəzisi dedi: «Öldürməyə çalışdıqları Bu deyilmi? 26 Budur, O açıq danışır, amma Ona bir söz demirlər. Bəlkə rəhbərlər, doğrudan da, Onun Məsih olduğunu öyrəndilər? 27 Ancaq bu adamın haradan olduğunu bilirik, halbuki Məsih gələndə Onun haradan olduğunu heç kəs bilməyəcək». 28 İsa məbəddə təlim öyrədərkən nida edib dedi: «Doğrudan da, Məni tanıyırsınızmı, haradan gəldiyimi bilirsinizmi? Mən Özümdən gəlmədim, lakin Məni Göndərən haqdır. Siz Onu tanımırsınız, 29 Mənsə Onu tanıyıram, çünki Ondan gəlmişəm və O Məni göndərdi». 30 Bu sözlərə görə İsanı tutmağa çalışdılar, lakin heç kəs Ona toxunmadı, çünki vaxtı hələ çatmamışdı. 31 Ancaq xalq arasından çoxu Ona iman edib dedi: «Məsih gələndə bu Adamın etdiklərindən çox əlamət göstərəcəkmi?» 32 Fariseylər xalqın İsa haqqında belə dedi-qodu etdiyini eşitdilər. Başçı kahinlər və fariseylər Onu tutmaq üçün mühafizəçilər göndərdi. 33 İsa dedi: «Bir az müddət də Mən sizinlə olacağam, sonra isə Məni Göndərənin yanına gedəcəyəm. 34 Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə gələ bilməzsiniz». 35 Bunun cavabında Yəhudilər öz aralarında dedilər: «Bu Adam hara gedəcək ki, Onu tapa bilməyəcəyik? Yunanlar arasına səpələnmiş Yəhudilərin yanına gedib Yunanlaramı təlim öyrədəcək? 36 “Siz Məni axtarıb tapmayacaqsınız və Mənim olacağım yerə siz gələ bilməzsiniz” sözü ilə nə demək istəyir?» 37 Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. 38 Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». 39 Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi. 40 Xalqın bir qismi bu sözləri eşidəndə «Bu, doğrudan da, gəlməli olan peyğəmbərdir» dedilər. 41 Başqaları isə «Bu, Məsihdir» söylədi, ancaq bəziləri dedi: «Nə? Məsih Qalileyadanmı gəlir? 42 Məgər Müqəddəs Yazılarda deyilmir ki, Məsih Davudun nəslindən, Davudun yaşadığı Bet-Lexem kəndindən gəlir?» 43 Beləcə İsa barədə xalq arasında fikir ayrılığı oldu. 44 Bəziləri Onu tutmaq istədi, amma heç kəs Ona toxunmadı. 45 Buna görə də mühafizəçilər başçı kahinlərin və fariseylərin yanına qayıtdılar. Onlar mühafizəçilərdən «Niyə Onu gətirmədiniz?» deyə soruşdu. 46 Mühafizəçilər cavab verdilər: «Hələ indiyəcən heç bir insan belə danışmayıb». 47 Fariseylər onlara dedilər: «Yoxsa sizi də aldadıb? 48 Gör bir rəhbər yaxud bir farisey Ona iman etdimi? 49 Bu Qanunu bilməyən xalqa gəlincə, onlar lənətə gəlib!» 50 Aralarından biri – bundan qabaq İsanın yanına gələn Nikodim onlara dedi: 51 «Qanunumuza görə, bir adama qulaq asmadan və nə etdiyini bilmədən onu mühakimə etmək doğrudurmu?» 52 Onlar Nikodimə dedi: «Bəlkə sən də Qalileyadansan? Araşdırsan, görərsən ki, Qalileyadan peyğəmbər çıxmaz». 53 Bundan sonra hər kəs öz evinə getdi.

< Yəhya 7 >