Əyyub 7

1 İnsanın yer üzündəki həyatı ağır xidmət deyilmi? Keçirdiyi günlərin muzdur ömründən fərqi nədir? 2 Kölgəyə həsrət qalan kölə kimidir, Muzdunu gözləyən fəhlə kimidir, 3 Bəli, irs olaraq mənə boş aylar verildi, Qismətimə sıxıntılı gecələr düşdü. 4 Yatanda düşünürəm: “Görəsən nə vaxt qalxacağam?” Gecə isə hey uzanır, Mən gün doğana qədər yerimdə qurcalanıram. 5 Bədənimə qurd düşüb, qabıqlanır, Çatlayan dərimdən irin axır. 6 Günlərim toxucunun məkikindən də sürətli gedir, Ümidsiz sona çatır. 7 Ey Allah, yada sal, həyatım bir nəfəsdir, Gözüm yenidən yaxşılıq görməyəcək. 8 Bu anda mənə baxan gözlər məni təzədən görməyəcək, Sənin gözlərin üzərimdə olacaq, amma mən olmayacağam. 9 Bulud dağılıb getdiyi kimi Ölülər diyarına enən bir daha çıxmaz. (Sheol h7585) 10 Bir daha evinə qayıtmaz, Olduğu yer artıq onu tanımaz. 11 Ona görə sakitləşməyəcəyəm, Ruhumun sıxıntısını dilə gətirəcəyəm, Canımın ağrısından şikayət edəcəyəm. 12 Dənizəmmi, dəniz əjdahasıyammı? Niyə üzərimdə nəzarətçi qoyursan? 13 Düşündüm ki, bəlkə yatağım məni rahatlar, Döşəyim şikayətimi azaldar. 14 Məni yuxularla qorxudursan, Röyalarla canıma vəlvələ salırsan. 15 Canım boğulub-ölməyi yaşamaqdan üstün tutur, Quru cəsəddə qalmaqdansa ölüm mənə xoşdur. 16 Həyatımdan bezmişəm, Uzun ömür istəmirəm. Məndən əlini çək, Ömrümün mənası getdi. 17 İnsan nədir ki, onu bu qədər böyüdürsən, Qayğısını çəkirsən. 18 Ona hər səhər baş çəkirsən, Hər an onu sınayırsan. 19 Nə vaxtadək nəzərini üzərimdən çəkməyəcəksən? Mənə udqunmağa imkan verməyəcəksən? 20 Ey insan nəzarətçisi, nədir günahım? Mən Sənə nə etmişəm? Məni niyə Özünə hədəf etdin? İndi öz yükümü çəkə bilmirəm. 21 Niyə üsyankarlığımı əfv etmirsən, Təqsirimi bağışlamırsan? Bir azdan torpaq altda yatacağam, Axtarsan da, məni tapmayacaqsan».