< Əyyub 26 >

1 Əyyub belə cavab verdi: 2 «Biçarəyə necə də kömək etdin! Taqətdən düşən qolu necə xilas etdin! 3 Hikmətsiz adama necə məsləhət verdin! Ona bol-bol müdriklik öyrətdin! 4 Axı bu sözləri kimə söyləyirsən? Sənin ağzınla kimin ruhu danışır? 5 Ölülər titrəyir, Su altında məskən salanlar lərzəyə gəlir. 6 Allahın hüzurunda ölülər diyarı çılpaqdır, Həlak yerinin örtüyü yoxdur. (Sheol h7585) 7 Şimalı boş fəzanın üstünə yayır, Dünyanı heçliyin üstündən asır. 8 Buludların içinə sularını büküb yığır, Onların ağırlığından buludlar yırtılmır. 9 Bədirlənmiş ayın üzünü örtür, Buludları üstünə çəkir. 10 Suların üstünə bir sərhəd çəkir, İşıqla qaranlığı bölür. 11 O qəzəblənəndə göyün dirəkləri sarsılır, Çaşıb qalır. 12 Dənizi gücü ilə çalxalayır, Müdrikliyi ilə Rahavı vurur. 13 Göyləri nəfəsi ilə açır, Qaçan ilanı əli ilə parçalayır. 14 Bunlar yalnız Onun etdiklərinin bir zərrəsidir, Ondan eşitdiyimiz çox zəif bir pıçıltıdır. Axı qüdrətli gurultusunu kim dərk edə bilər?»

< Əyyub 26 >