< Əyyub 17 >

1 Taqətim kəsilir, günlərim batır, Məni məzar gözləyir. 2 Həqiqətən, ətrafıma rişxəndçilər yığılır, Gözüm onların düşmənçiliyini görür. 3 Ey Allah, Öz hüzurunda mənə zəmanət ver. Başqa kim var ki, mənə zamin dursun? 4 Çünki onların qəlbini anlayış üçün bağladın, Ona görə onlara zəfər qazandırmayacaqsan. 5 Pul üçün dostlarını satanın Övladlarının işığı sönəcək. 6 Allah məni insanların dilinə saldı, Üzümə tüpürdülər. 7 Gözümün nuru kədərdən qaraldı, Bütün əzalarım kölgə kimi qaldı. 8 Buna əməlisaleh insanlar mat qalıb, Günahsızlar allahsızlara qarşı çıxır. 9 Saleh insanlar öz yolunu tutur, Əlitəmiz olanlar getdikcə güclənir. 10 Amma hamınız qayıdıb gəlsəniz, Aranızdan bir hikmətli insan tapmaram. 11 Günlərim ötüşdü, Fikirlərim, arzularım pərən-pərən düşdü. 12 Onlar gecəni gündüzə çevirir, “Zülmətə işıq yaxındır” deyir. 13 Əgər ölülər diyarını evimdir deyə gözləsəm, Yatağımı qaranlıqda sərsəm, (Sheol h7585) 14 Qəbirə “atam sənsən”, Qurda “anam-bacım sənsən” desəm, 15 Ümidim hara gedər? Mənim ümidimi kim görər? 16 Ümid mənimlə ölülər diyarınamı düşər? Mənimlə birgə torpaq altınamı girər?» (Sheol h7585)

< Əyyub 17 >