< Yeremya 28 >

1 Həmin il Yəhuda padşahı Sidqiyanın padşahlığının əvvəlində – dördüncü ilinin beşinci ayında Giveonlu Azzur oğlu Xananya peyğəmbər Rəbbin məbədində, kahinlərin və bütün xalqın önündə mənə söylədi: 2 «İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Babil padşahının boyunduruğunu qırdım. 3 Əvvəl Rəbbin məbədində olan, Babil padşahı Navuxodonosorun buradan götürüb Babilə apardığı bütün əşyaları iki il ərzində bu yerə qaytaracağam. 4 Yəhuda padşahı Yehoyaqim oğlu Yehoyakini və Babilə sürgün olunmuş bütün Yəhudalıları bu yerə qaytaracağam” Rəbb belə bəyan edir, “çünki Babil padşahının boyunduruğunu qıracağam”». 5 O zaman Yeremya peyğəmbər kahinlərin və Rəbbin məbədində dayanan bütün xalqın önündə Xananya peyğəmbərə cavab verib 6 söylədi: «Amin! Qoy Rəbb belə etsin! Qoy Rəbb Öz evinin əşyalarını, sürgün olunmuş bütün adamları Babildən buraya qaytararaq söylədiyin peyğəmbərlik sözlərini yerinə yetirsin! 7 Ancaq indi sən və bütün xalq eşidərkən deyəcəyim bu sözə qulaq as: 8 qədim zamanlardan bəri məndən və səndən əvvəl yaşayan peyğəmbərlər bir çox ölkələrin və böyük padşahlıqların əleyhinə müharibə, fəlakət və vəba olacağını qabaqcadan söylədi. 9 Əgər salamatlıq olacağını söyləyən peyğəmbərin sözü doğru çıxarsa, həqiqətən, onun Rəbbin göndərdiyi peyğəmbər olduğu bilinər». 10 O zaman Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdı. 11 Xananya bütün xalqın önündə söylədi: «Rəbb belə deyir: “İki il ərzində Babil padşahı Navuxodonosorun boyunduruğunu bütün millətlərin boynundan götürüb beləcə qıracağam”». Yeremya isə öz yoluna davam etdi. 12 Xananya peyğəmbər Yeremya peyğəmbərin boynundan boyunduruğu götürüb qırdıqdan sonra Yeremyaya Rəbbin bu sözü nazil oldu: 13 «Gedib Xananyaya söylə ki, Rəbb belə deyir: “Sən taxta boyunduruğu qırdın, ancaq onun yerinə dəmir boyunduruq düzəltməli olacaqsan”. 14 Çünki İsrailin Allahı olan Ordular Rəbbi belə deyir: “Bütün bu millətlərin boynuna dəmir boyunduruq taxdım ki, Babil padşahı Navuxodonosora qulluq etsinlər və onlar ona xidmət edəcək. Vəhşi heyvanları da onun ixtiyarına verdim”». 15 Yeremya peyğəmbər Xananya peyğəmbərə dedi: «İndi eşit, ey Xananya, axı səni Rəbb göndərməyib. Sən bu xalqı yalana inandırdın. 16 Buna görə də Rəbb belə deyir: “Bax Mən səni yer üzündən yox edəcəyəm. Bu il öləcəksən, çünki xalqı Rəbbə qarşı üsyana təhrik etdin”». 17 Xananya peyğəmbər həmin ilin yeddinci ayında öldü.

< Yeremya 28 >