< Yeşaya 55 >

1 Ey bütün susamışlar, gəlin su başına! Ey pulu olmayanlar, gəlin, alın, yeyin! Gəlin, şərabı və südü pulsuz, havayı alın! 2 Nə üçün pulunuzu çörək olmayan şeylərə, Qazandığınızı sizi doydurmayan şeylərə xərcləyirsiniz? Məni diqqətlə dinləyin ki, Yaxşı şeylər yeyəsiniz, nemətlərdən dadasınız. 3 Qulaq asın, Mənim yanıma gəlin, Dinləyin ki, sağ qalasınız. Mən sizinlə əbədi əhd, Davuda vəd etdiyim sadiq məhəbbət əhdi kəsəcəyəm. 4 Budur, onu ümmətlərə şahid, Xalqlara başçı və hökmdar etdim. 5 Tanımadığınız millətləri çağıracaqsınız. Sizi tanımayan millətlər qaça-qaça yanınıza gələcək. Allahınız Rəbbə görə, İsrailin Müqəddəsindən ötrü onlar gələcək, Çünki Rəbb sizi ucaltdı. 6 Tapmaq fürsəti olarkən Rəbbi axtarın, O yaxın ikən Onu çağırın. 7 Qoy pis adam öz yolunu, Şər adam öz fikirlərini atsın. Qoy Rəbbə sarı dönsün ki, Onda mərhəmət tapsın. Qoy Allahımıza tərəf dönsün, Çünki Onun əfvi boldur. 8 «Çünki Mənim fikirlərim sizin fikirləriniz deyil, Sizin yollarınız Mənim yollarım deyil» Rəbb belə bəyan edir. 9 «Çünki göylər yer üzündən nə qədər yüksəkdirsə, Yollarım da sizin yollarınızdan, Fikirlərim də sizin fikirlərinizdən o qədər yüksəkdir. 10 Yağış və qar necə göylərdən yağıb oraya qayıtmırsa, Ancaq torpağı sulayıb yeri məhsuldar edirsə, Əkinçiyə toxum, yeyənə çörək verirsə, 11 Ağzımdan çıxan kəlmə də belədir: Boş yerə yanıma qayıtmaz, Ancaq istədiyimi yerinə yetirər, Onu göndərdiyim iş icra olunsun deyə həyata keçirər. 12 Sevinclə çıxacaqsınız, Sülhlə müşayiət olunacaqsınız, Dağlar, təpələr önünüzdə sevinclə nəğmə deyəcək, Çöldəki bütün ağaclar əl çalacaq. 13 Tikanlı kol əvəzinə şam ağacı, Qanqal əvəzinə mərsin ağacı bitəcək. Bu, Rəbb üçün şöhrət, Pozulmaz əbədi əlamət olacaq».

< Yeşaya 55 >