< Yeşaya 21 >

1 Dəniz sahilindəki səhra barəsində xəbərdarlıq: Cənubdan necə fırtınalar gəlirsə, Səhradan, dəhşətli ölkədən də elə bir fəlakət gəlir. 2 Dəhşətli görüntü mənə nazil oldu: Xain xainlik edir, viranəçi viran edir. Ey Elam, qalx! Ey Midiya, Babili mühasirəyə al! Babilin bais olduğu bütün fəryadlara son qoyacağam. 3 Gördüklərimdən belimə sancı düşdü, Doğan qadın tək məni ağrı tutdu. Eşitdiklərimdən sarsıldım Gördüklərimdən məni vahimə bürüdü. 4 Ürəyim əsir, dəhşət məni bürüyür. Həsrətlə gözlədiyim sübh artıq məni qorxudur. 5 Gördüyüm görüntüdə süfrə hazırlayırlar, Xalçalar sərirlər, Yeyib-içirlər. Qalxın, ey sərkərdələr, Qalxanları yağlayın! 6 Xudavənd mənə belə dedi: «Get, gözətçi təyin et, Qoy o gördüklərini danışsın. 7 Qoşa atlı döyüş arabalarına, Atlara, eşşəklərə, dəvələrə minmiş Adamları gördükdə çox diqqət edin». 8 Gözətçi bağırdı: «Ey Xudavənd, gözətçi qülləsində daim duraram, Hər gecə yerimdə növbəmdə olaram. 9 Budur, döyüş arabalarında süvarilər cüt-cüt gəlir». Sonra o çığırdı: «Yıxıldı, Babil yıxıldı! Onun allahlarının bütləri isə yerə düşüb parça-parça oldu». 10 Ey xalqım, ey xırmanda buğda kimi döyülmüş xalqım! İsrailin Allahı Ordular Rəbbindən eşitdiyimi sizə bildirmişəm. 11 Duma barəsində xəbərdarlıq: Bir nəfər Seirdən məni səsləyir: «Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb? Ey gözətçi, gecənin qurtarmağına nə qədər qalıb?» 12 Gözətçi cavab verdi: «Səhərin açılmağına az qalıb, Lakin yenə gecə gələcək. Soruşmaq istəsəniz, yenə gəlin soruşun». 13 Ərəbistan barəsində xəbərdarlıq: Ey Dedan karvanları, Ərəbistan meşələrində gecələyəcəksiniz! 14 Ey Tema sakinləri, Susamışlara su gətirin! Qaçıb qurtulanlara çörək verin! 15 Çünki onlar qılıncdan, Sıyrılmış qılıncdan, Çəkilmiş ox-kamandan, ağır döyüşdən qaçıb. 16 Xudavənd mənə belə dedi: «Tam bir ilin ərzində Qedarın bütün əzəməti qurtaracaq. 17 Oxatanlardan, Qedar nəslinin cəngavərlərindən az qalacaq». İsrailin Allahı Rəbb belə dedi.

< Yeşaya 21 >