< Yeşaya 12 >

1 O gün sən, ey İsrail, belə deyəcəksən: «Ya Rəbb, Sənə şükür edəcəyəm! Sən mənə qəzəblənirdin, Lakin qəzəbin söndü, Mənə təsəlli verdin. 2 Allah xilasımdır, Ona güvənəcəyəm və qorxmayacağam, Çünki Rəbb Allahımız qüvvətim, məzmurumdur, O mənə xilas verdi!» 3 Sevinclə xilas mənbələrindən Su çəkəcəksiniz. 4 O gün belə deyəcəksiniz, «Rəbbə şükür edin, Onun adını çağırın, Xalqlar arasında Onun işlərini bəyan edin, Onun adının ucalığını elan edin. 5 Rəbbi tərənnüm edin, Çünki O, möhtəşəm işlər gördü, Qoy bütün dünya bunu bilsin! 6 Ey Sion sakinləri, səsinizi ucaldın, Sevinclə çığırın, Çünki aranızdakı İsrailin Müqəddəsi böyükdür».

< Yeşaya 12 >