< Huşə 10 >

1 İsrail bir qollu-budaqlı meynədir ki, Bol-bol bar gətirir. Ancaq barı artdıqca Qurbangahları da artırdı. Torpağı bərəkətli olduqca Daha gözəl olan müqəddəs daşları da düzəltdi. 2 Onların ürəkləri yalanla doldu, Günahlarına görə də cəzalanacaqlar. Rəbb onların qurbangahlarını dağıdacaq, Müqəddəs daşlarını sındıracaq. 3 Onda onlar deyəcək: «Bizim padşahımız yoxdur, Çünki biz Rəbdən qorxmadıq. Padşahımız olsa da, Bizə nə edəcəkdi?» 4 Əhd bağlayanda boş vədlər verir, Yalandan and içirlər. Buna görə də məhkəmə işləri Şumlanmış tarladakı zəhərli ot kimi böyüyür. 5 Samariya sakinləri Bet-Avendəki dana bütlərinə görə Qorxuya düşəcək. Onun üçün xalqı yas tutacaq. Onun calalı ilə coşan kahinləri Sürgünə aparıldığı üçün ağlayacaq. 6 Büt özü Aşşura – böyük padşaha Hədiyyə aparılacaq. Efrayim biabır olacaq, İsrail aldığı məsləhətdən utanacaq. 7 Samariya və onun padşahı Su üstündəki çubuq kimi Axıb-gedəcək. 8 İsrailin günahı olan Avendəki səcdəgahlar yox olacaq, Onun qurbangahlarında Tikan və qanqal bitəcək. O zaman dağlara «Bizi örtün!», Təpələrə «Üstümüzə yıxılın!» deyəcəklər. 9 «İsrail Giveada keçirdiyi Günlərdən bəri günah etdi. Orada öz işlərini davam etdirdilər. Şər adamlara qarşı müharibə Onları Giveada yaxalamazmı? 10 Mən istədiyim zaman Onları cəzalandıracağam. Xalqlar onlara qarşı birləşib, İkiqat cinayətlərindən ötrü Onları əsir edəcək. 11 Efrayim əhliləşmiş, Taxıl döyməyi sevən düyəyə bənzər. Mən onun incə boynunu əsirgədim. İndi isə Efrayimi sürdürəcəyəm. Yəhuda yer şumlasın, Yaqub isə dırmıq çəksin. 12 Özünüz üçün salehlik əkin, Məhəbbət bəhərini biçərsiniz. Dincə qoyulmuş torpağınızı şumlayın, Çünki Rəbbi axtarmaq vaxtıdır. Nəhayət, O gəlib üstünüzə Salehliyin nemətlərini yağdıracaq. 13 Amma siz pislik əkib, Qəbahət biçdiniz. Yalanın bəhərini yediniz. Çünki öz üsulunuza, Çoxlu cəngavərlərinizə güvəndiniz. 14 Xalqınızın içində müharibə gurultusu qopacaq, Bütün qalalarınız dağılacaq, Necə ki Şalman müharibə günündə Bet-Arbeli dağıtdı, Ana uşaqları ilə birgə yerə çırpılıb parçalandı. 15 Ey Bet-El, pisliyinin çoxluğu üzündən Səninlə də belə rəftar ediləcək. Dan ağaranda İsrail padşahı həlak olacaq.

< Huşə 10 >