< Haqqay 1 >

1 Padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın birində Yəhuda valisi Şealtiel oğlu Zerubbabilə və baş kahin Yehosadaq oğlu Yeşuaya peyğəmbər Haqqay vasitəsilə Rəbbin bu sözü nazil oldu: 2 «Ordular Rəbbi belə deyir: “Bu xalq deyir ki, hələ Rəbbin məbədini qurmaq vaxtı çatmayıb”». 3 Rəbbin bu sözü peyğəmbər Haqqay vasitəsilə nazil oldu: 4 «Bu məbəd xaraba qaldığı halda Sizin üçün damı yaraşıqlı evlərinizdə oturmaq vaxtıdırmı?» 5 İndi isə Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün. 6 Çox əkdiniz, amma az götürdünüz. Yeyirsiniz, amma doymursunuz. İçirsiniz, amma susuzluğunuz yatmır. Geyinirsiniz, amma geyiminiz sizi isitmir. Məvacibiniz cırıq kisəyə qoyulur». 7 Ordular Rəbbi belə deyir: «Həyat yollarınız haqqında yaxşı düşünün. 8 İndi dağlara çıxıb ağac gətirin və məbədi qurun. Onda razı qalaram, izzətlənərəm». Bunu deyən Rəbdir. 9 Ordular Rəbbi belə bəyan edir: «Çox şey gözlədiniz, budur, az oldu. Az olanı da evə gətirəndə onları sovurdum. Nə üçün? Xaraba qalan məbədimə görə. Amma siz öz evləriniz üçün əlləşirsiniz. 10 Sizdən ötrü buna görə göylər şehini, yer də məhsulunu kəsdi. 11 Yerə, dağlara, taxıla, təzə şəraba, zeytun yağına, Torpağın yetirdiyi nemətlərə, Eləcə də insana, heyvana və əllərinizin bütün zəhmətinə Mən quraqlıq elan etdim». 12 Şealtiel oğlu Zerubbabil ilə baş kahin Yehosadaq oğlu Yeşua və xalqın sağ qalanları özlərinin Allahı Rəbbin dediklərinə – peyğəmbər Haqqayın sözünə baxdılar. Çünki onu onların Allahı Rəbb göndərmişdi. Xalq Rəbdən qorxdu. 13 Rəbbin elçisi Haqqay Rəbbin müraciəti ilə xalqa belə dedi: «Rəbb deyir: “Mən sizinləyəm”». 14 Rəbb Yəhuda valisi Şealtiel oğlu Zerubbabili, baş kahin Yehosadaq oğlu Yeşuanı və xalqın sağ qalanlarını ruhlandırdı. Xalq yığılıb özlərinin Allahı olan Ordular Rəbbinin məbədində işləməyə başladı. 15 Bu hadisə padşah Daranın hakimiyyətinin ikinci ili, altıncı ayın iyirmi dördündə baş verdi.

< Haqqay 1 >