< Yaradiliş 34 >

1 Leanın Yaquba doğduğu qızı Dina o ölkənin qızlarını görməyə çıxdı. 2 O ölkənin ağası Xivli Xamorun oğlu Şekem onu gördü. Qızı aparıb onunla yatdı və onu zorladı. 3 Onun ürəyi Yaqubun qızı Dinaya bağlandı. Şekem qızı sevdi və onunla xoş rəftar etdi. 4 Şekem atası Xamora dedi: «Bu qızı mənə arvad al». 5 Yaqub qızı Dinanın zorlandığını eşitdi, ancaq oğulları çöldə sürülərinin yanında olduqları üçün onlar gələnə qədər susdu. 6 Şekemin atası Xamor Yaqubla danışmaq üçün onun yanına getdi. 7 Yaqubun oğulları bunu eşidib çöllükdən gəldilər. Onlar məyus oldular və bərk qəzəbləndilər. Çünki Şekem Yaqubun qızı ilə yatmaqla İsraili rüsvay etmişdi, belə iş etmək olmazdı. 8 Xamor onlara belə dedi: «Oğlum Şekemin ürəyi qızınıza bağlanıb. Xahiş edirəm, qızı ona arvad olmaq üçün verəsiniz. 9 Bizimlə qohum olun: öz qızlarınızı bizə arvad verin, bizim qızlarımızı özünüzə alın. 10 Bizimlə qalın, ölkə də sizin ixtiyarınızdadır: burada yaşayın, ticarət edin və mülk sahibi olun». 11 Şekem qızın atasına və qardaşlarına dedi: «Sizin gözünüzdə lütf tapmaq üçün məndən nə istəsəniz, verərəm. 12 Məndən çoxlu başlıq və hədiyyələr istəyin, söylədiyiniz hər şeyi verərəm. Ancaq qızı arvad olmaq üçün mənə verin». 13 Yaqubun oğulları Şekemə və onun atası Xamora hiylə ilə cavab verdilər, çünki Şekem bacıları Dinanı zorlamışdı. 14 Onlara dedilər: «Biz bunu edə bilmərik, bacımızı sünnətsiz bir adama ərə verə bilmərik. Bu bizim üçün rüsvayçılıq olar. 15 Ancaq bir şərtlə sizinlə razı oluruq: bütün kişiləriniz sünnət edilib bizim kimi olsalar, 16 öz qızlarımızı sizə ərə verərik, sizin qızlarınızı özümüzə alarıq və sizinlə yaşayıb bir xalq olarıq. 17 Əgər bizə qulaq asmasanız və sünnət olunmasanız, qızımızı götürüb gedəcəyik». 18 Onların sözləri Xamorun və oğlu Şekemin xoşuna gəldi. 19 Cavan oğlan bu işi dərhal etdi, çünki Yaqubun qızı çox xoşuna gəlmişdi. Şekem atasının evində ən hörmətli adam idi. 20 Xamor və oğlu Şekem öz şəhərlərinin darvazasına gəldilər və şəhərin adamlarına belə dedilər: 21 «Bu adamlar bizimlə səmimidir. Qoy bu ölkədə yaşasınlar və ticarət etsinlər. Bu ölkə onlar üçün kifayət qədər genişdir. Onların qızlarını özümüzə arvad alarıq, öz qızlarımızı da onlara ərə verərik. 22 Bu adamlar yalnız bir şərtlə bizimlə yaşamağa və bir xalq olmağa razı olurlar ki, bizim də bütün kişilərimiz onlar kimi sünnət olunsun. 23 Onların sürüləri, mülkləri və heyvanları bizim olmayacaqmı? Gəlin onlarla razılaşaq və onlar bizimlə yaşasın». 24 Şəhərin bütün sakinləri Xamora və oğlu Şekemə qulaq asdılar: şəhər əhalisindən olan bütün kişilər sünnət olundu. 25 Üçüncü gün onlar hələ də ağrı çəkən zaman Dinanın qardaşları – Yaqubun iki oğlu Şimeon və Levi qılınclarını götürüb maneəsiz şəhərə girdilər və bütün kişiləri qılıncdan keçirtdilər. 26 Xamoru və oğlu Şekemi də öldürdülər. Dinanı Şekemin evindən götürüb getdilər. 27 Yaqubun oğulları ölənlərin yanına gəldilər və şəhəri qarət etdilər, çünki bacılarını zorlamışdılar. 28 Onların qoyun-keçilərini, mal-qaralarını, eşşəklərini, şəhərdə və çöldə olan hər şeyi götürdülər. 29 Bütün mallarını, uşaqlarını və qadınlarını əsir apardılar, onların evlərində olan hər şeyi qarət etdilər. 30 Yaqub Şimeona və Leviyə dedi: «Ölkədə yaşayan Kənanlılarda və Perizlilərdə mənə qarşı nifrət oyadıb məni bəlaya saldınız. Biz sayca azıq, əgər birləşib bizi qırsalar, özüm də ailəmlə birgə həlak olacağam». 31 Amma onlar dedilər: «Bəs bizim bacımızla bir fahişə kimi rəftar etmək olarmı?»

< Yaradiliş 34 >