< Yaradiliş 33 >

1 Yaqub başını qaldırıb gördü ki, Esav dörd yüz adamla birlikdə gəlir. O, Leanın, Rəhilənin və iki cariyəsinin uşaqlarını ayırdı: 2 cariyələrlə onların uşaqlarını qabağa, Lea ilə onun uşaqlarını ortaya, Rəhilə ilə Yusifi isə arxaya qoydu. 3 Özü isə onların qabağına keçdi və qardaşına yaxınlaşanda yeddi dəfə yerə əyildi. 4 Esav Yaqubu qarşılamaq üçün qaçıb onu qucaqladı və boynuna sarılıb öpdü. Onlar ağlaşdılar. 5 Esav başını qaldırıb qadınları və uşaqları görəndə dedi: «Bunlar sənin nəyindir?» Yaqub dedi: «Allahın sənin quluna lütf etdiyi uşaqlardır». 6 Əvvəl cariyələrlə uşaqları yaxınlaşıb təzim etdilər, 7 sonra Lea ilə uşaqları yaxınlaşıb təzim etdilər, axırda isə Yusiflə Rəhilə yaxınlaşıb təzim etdilər. 8 Esav soruşdu: «Rast gəldiyim o biri dəstəni nə üçün göndərmişdin?» Yaqub dedi: «Ağamın gözündə lütf tapmaq üçün». 9 Esav dedi: «Mənim sürüm çoxdur, qardaşım, səndə olan sənin olsun». 10 Yaqub dedi: «Yox, xahiş edirəm, indi gözündə lütf tapdımsa, məndən bu hədiyyələri götür. Çünki sənin üzünü görəndə Allahın üzünü görmüş sandım, mənə qarşı çox xeyirxah oldun. 11 Xahiş edirəm, sənə gətirilən hədiyyələri götür. Çünki Allah mənə lütf etdi və indi mənim hər şeyim var». Yaqub təkid etdikdən sonra Esav hədiyyələri götürdü. 12 Esav dedi: «Köç edib gedək. Mən sizin qabağınızda gedəcəyəm». 13 Yaqub ona dedi: «Ağam bilir ki, uşaqlar zəifdir, yanımda olan qoyun-keçi və mal-qara da sağmaldır. Sürüləri bir gün bərk sürsələr, hamısı tələf olar. 14 Xahiş edirəm, ağam qulundan qabaqda getsin, mən isə ağamın yanına, Seirə çatana qədər qabağımda olan sürülərin və uşaqların yerişinə görə yavaş sürəcəyəm». 15 Esav dedi: «Mənimlə olan adamların bəzisini səninlə qalmaq üçün qoyum». Yaqub dedi: «Bu nəyə lazımdır? Mən ancaq ağamın gözündə lütf tapmaq istəyirəm». 16 Esav o gün yola düşüb Seirə qayıtdı. 17 Yaqub Sukkota köçüb özünə ev tikdi və sürüsünə ağıllar düzəltdi. Ona görə də bu yerin adını Sukkot qoydular. 18 Yaqub Paddan-Aramdan qayıtdıqdan sonra sağ-salamat Kənan torpağında olan Şekem şəhərinə gəldi və şəhərin qarşısında məskən saldı. 19 O, çadırını qurduğu tarla sahəsini Şekemin atası Xamorun oğullarından yüz parça gümüşlə satın aldı. 20 Yaqub orada bir qurbangah qurub adını El-Elohe-İsrail qoydu.

< Yaradiliş 33 >