< Yaradiliş 17 >

1 İbram doxsan doqquz yaşında olanda Rəbb ona görünərək dedi: «Külli-İxtiyar Allah Mənəm. Mənim yolumla get və kamil ol. 2 Əhdimi Özümlə sənin aranda qoyacağam və nəslini lap çoxaldacağam». 3 İbram üzüstə düşdü. Allah onunla danışıb dedi: 4 «Mən səninlə əhd bağlamışam, sən çoxlu millətin atası olacaqsan. 5 Daha sənə İbram deyilməyəcək, bu gündən adın İbrahim olacaq, çünki səni çoxlu millətin atası etdim. 6 Nəslini lap çoxaldacağam, səndən millətlər törədəcəyəm və nəslindən padşahlar çıxacaq. 7 Özümlə sənin və səndən sonrakı nəslinin arasında əbədi əhd qoyuram ki, Mən sənin və səndən sonrakı nəslinin Allahı olacağam. 8 Sənə və səndən sonrakı nəslinə qərib kimi yaşadığın bu torpağı – bütün Kənan torpağını əbədi mülk olaraq verəcəyəm və onların Allahı olacağam». 9 Sonra Allah İbrahimə dedi: «Sən və səndən sonrakı övladların nəsillər boyu əhdimə əməl edin. 10 Mənim səninlə və səndən sonrakı nəslinlə bağladığım, sizin əməl edəcəyiniz əhdin əlaməti budur: qoy aranızda olan bütün kişilər sünnət olunsun. 11 Sünnət ətinizi kəsin; bu Mənimlə sizin aranızda olan əhdin əlaməti olacaq. 12 Evinizdə doğulmuş yaxud nəslinizdən olmayıb bir yadellidən satın alınmış kişi cinsindən olan hər uşaq səkkizinci gün sünnət olunsun; bu, nəsildən-nəslə davam etsin. 13 Evinizdə doğulmuş yaxud satın alınmış hər uşaq mütləq sünnət olunmalıdır. Beləcə Mənim əhdimin əlaməti əbədi olaraq bədəninizdə olacaq. 14 Sünnət əti kəsilməmiş kişi cinsindən olan hər kəs xalqının arasından qovulacaq, çünki əhdimi pozmuş olacaq». 15 Allah yenə İbrahimə dedi: «Arvadın Saraya isə artıq Saray demə. Bundan sonra onun adı Sara olacaq. 16 Ona xeyir-dua verəcəyəm, ondan sənə bir oğul verəcəyəm. Saraya xeyir-dua verəcəyəm: o, millətlərin anası olacaq və xalqların padşahları ondan doğulacaq». 17 İbrahim üzüstə düşdü və gülüb ürəyində dedi: «Yüz yaşlı adamın oğlu ola bilərmi? Doxsan yaşında olan Sara doğacaqmı?» 18 Sonra İbrahim Allaha dedi: «Kaş ki İsmail Sənin önündə xeyir-dua alaydı!» 19 Allah isə dedi: «Xeyr, arvadın Sara sənə bir oğul doğacaq və adını İshaq qoyacaqsan. Onunla və ondan sonrakı nəsli ilə əhdimi əbədi olaraq davam etdirəcəyəm. 20 İsmail barədə dediyin sözləri də eşitdim. Ona xeyir-dua verəcəyəm, onu bəhərli edəcəyəm, nəslini lap çoxaldacağam. O, on iki başçının atası olacaq. Ondan böyük bir millət törədəcəyəm. 21 Əhdimi isə gələn il bu vaxt Saranın sənə doğacağı İshaqla saxlayacağam». 22 Allah İbrahimlə söhbətini bitirərək ondan ayrılıb yuxarı çəkildi. 23 İbrahim oğlu İsmaili, evində doğulan bütün nökərləri, satın aldığı hər kəsi – öz evində kişi cinsindən olan bütün adamları götürüb həmin gün Allahın ona dediyi kimi sünnət etdi. 24 Sünnət əti kəsilən vaxt İbrahim doxsan doqquz yaşında idi. 25 Oğlu İsmail isə sünnət əti kəsilən vaxt on üç yaşında idi. 26 İbrahim oğlu İsmaillə birgə həmin gün sünnət olundu. 27 Onunla birgə evdəki bütün kişilər – evində doğulan və yadellilərdən satın alınmış hər kəs sünnət olundu.

< Yaradiliş 17 >