< Qalatiyalilara 4 >

1 Mən bunu deyirəm: varis hər şeyin sahibi olsa da, uşaqlıq vaxtında kölədən fərqlənmir. 2 O, atasının təyin etdiyi vaxta qədər qəyyumların və idarəçilərin nəzarəti altındadır. 3 Bunun kimi biz də ruhani tərəfdən uşaq ikən dünyanın ibtidai təlimlərinə kölə idik. 4 Lakin vaxt tamam olanda Allah qadından, Qanun altında doğulan Öz Oğlunu göndərdi ki, 5 Qanun altında olanları satın alsın və biz övladlığa götürülək. 6 Övladlar olduğunuz üçün Allah Öz Oğlunun «Abba, Ata!» deyərək nida edən Ruhunu ürəklərimizə göndərdi. 7 Buna görə də sən artıq kölə deyil, övladsan. Əgər övladsansa, həmçinin Allahın təyin etdiyi varissən. 8 Əvvəllər Allahı tanımadığınız vaxt təbiətcə allah olmayanların kölələri idiniz. 9 İndi isə siz Allahı tanıdınız, daha doğrusu, Allah tərəfindən tanındınız. Necə olur ki, təkrarən zəif və dəyərsiz olan ibtidai təlimlərə qayıdırsınız? Yenidən onların köləsimi olmaq istəyirsiniz? 10 Xüsusi günlərə, aylara, mövsümlərə və illərə riayət edirsiniz! 11 Sizin üçün qorxuram, bəlkə sizə görə boş yerə zəhmət çəkmişəm. 12 Qardaşlar, sizə yalvarıram, mənim kimi olun, çünki mən də sizin kimi oldum. Siz mənə heç bir haqsızlıq etməmisiniz. 13 Bildiyiniz kimi, mən Müjdəni ilk dəfə sizə cismən zəif olaraq vəz etmişdim. 14 Cismani vəziyyətim sizin üçün çətin bir sınaq oldusa da, nə mənə xor baxdınız, nə də məni rədd etdiniz. Hətta məni, Allahın bir mələyini, Məsih İsanı qəbul edər kimi qəbul etdiniz. 15 İndi o xoşbəxtliyiniz necə oldu? Sizin haqqınızda şəhadət edirəm ki, əgər mümkün olsaydı, gözlərinizi çıxardıb mənə verərdiniz. 16 Məgər sizə həqiqəti söylədiyim üçün sizin düşməniniz oldum? 17 Onlar sizin qeyrətinizi çəkirlər, amma yaxşı niyyətlə deyil. Siz onların qeyrətini çəkəsiniz deyə sizi məndən ayırmaq istəyirlər. 18 Yaxşı niyyətlə olarsa, qeyrətimi çəkməniz yaxşıdır, amma bu, yalnız yanınızda olduğum vaxt deyil, daimi olsun. 19 Övladlarım! Məsihin surəti sizdə yaradılana qədər, sizlər üçün yenə doğuş ağrısı çəkirəm. 20 İndi yanınızda olmaq və səsimi dəyişdirmək istəyirdim. Bu halınıza çaşıb-qalmışam. 21 Ey Qanun altında yaşamaq istəyənlər, mənə deyin görüm, Qanunun nə dediyini eşitməmisinizmi? 22 İbrahimin iki oğlu olduğu yazılmışdır. Bir oğlu cariyədən, o biri oğlu isə azad qadından doğulmuşdu. 23 Cariyədən doğulan bəşəri arzusundan, azad qadından doğulan isə vədə görə doğulmuşdu. 24 Burada bir məcaz var. Çünki bu qadınlar iki Əhdi təmsil edir. Biri Sina dağındandır, köləlik üçün uşaq doğur. Bu, Həcərdir. 25 Həcər Ərəbistandakı Sina dağını təmsil edir və indiki Yerusəlimə bənzəyir. Çünki indiki Yerusəlim övladları ilə birlikdə köləlikdədir. 26 Səmavi Yerusəlim isə azaddır, o bizim anamızdır. 27 Çünki yazılıb: «Şənlən, ey sonsuz, qısır qadın! Sevinclə mahnı oxu, qışqır, Ey doğuş ağrısı çəkməyən qadın! Çünki atılmış qadının övladları Ərli qadının övladlarından çoxdur». 28 Sizsə, qardaşlar, İshaq kimi vədə görə doğulan övladlarsınız. 29 Amma o zaman bəşər arzusundan doğulan şəxs Ruhun gücü ilə doğulan şəxsi necə təqib etdisə, indi də belədir. 30 Bəs Müqəddəs Yazı nə deyir? «Cariyəni və onun oğlunu qov. Çünki cariyənin oğlu azad qadının oğlu ilə birgə varis olmayacaq». 31 Buna görə, qardaşlar, biz cariyənin deyil, azad qadının övladlarıyıq.

< Qalatiyalilara 4 >