< Yezekel 47 >

1 O adam yenə məni məbədin girişinə gətirdi. Məbədin kandarının altından şərqə tərəf sular axdığını gördüm. Məbəd şərqə baxırdı. Sular məbədin cənub tərəfinin altından, qurbangahın cənubundan aşağıya axırdı. 2 O məni oradan – şimal darvazasından çıxarıb bayır yoldan şərqə baxan bayır darvazasına apardı. Sular cənub tərəfdən axırdı. 3 O adam əlində ölçmək üçün bir iplə şərqə tərəf getdi. O, min qulac ölçdü və məni topuğa qədər çıxan suların içinə gətirdi. 4 Daha min qulac ölçdü və məni dizə qədər çıxan suların içinə gətirdi. Yenə min qulac ölçdü və məni belə qədər çıxan suların içinə gətirdi. 5 Daha min qulac ölçdü və sular keçilməz bir çaya döndü. Sular artmışdı, içindən piyada keçmək mümkün deyildi, adam üzən qədər dərin bir çaya çevrilmişdi. 6 O adam mənə dedi: «Ey bəşər oğlu, bunu görürsənmi?» Sonra məni götürüb yenə çayın sahilinə gətirdi. 7 Oraya çatanda çayın hər iki sahilində çoxlu ağac gördüm. 8 O adam mənə dedi: «Bu sular şərq bölgəsinə tərəf axır, oradan Arava vadisinə, sonra isə Duz dənizinə tökülür. Dənizə tökülən kimi oradakı su şirin suya çevriləcək. 9 O zaman çayın axdığı yerlərdə hər cür qaynaşan canlı məxluq yaşayacaq, çoxlu balıq olacaq, çünki bu sular oraya axır, oradakı şor suyu şirin suya çevirir. Çay axdığı hər yerə həyat gətirəcək. 10 Çayın sahili boyu balıqçılar dayanacaq. En-Gedidən En-Eqlayimə qədər tor sərilən yerlər olacaq. Orada da Böyük dənizdəki kimi çoxlu balıq növləri olacaq. 11 Ancaq Duz dənizinin palçıqlı və bataqlıq yerləri şirin suya çevrilməyəcək, şoranlıq olaraq qalacaq. 12 Çayın hər iki sahilində hər cür meyvə ağacı yetişəcək. Onların yarpaqları solmayacaq, meyvələri tükənməyəcək. Hər ay meyvə verəcəklər, çünki Müqəddəs məkandan çıxan sular oraya axır. Meyvələrindən yemək, yarpaqlarından şəfa vermək üçün istifadə olunacaq». 13 Xudavənd Rəbb belə deyir: «Ölkəni irs olaraq İsrailin on iki qəbiləsi arasında bu sərhədlərlə bölün: Yusifə iki pay düşsün. 14 Ölkəni on iki qəbilə arasında hər birinə bərabər olaraq paylayın. Mən ölkəni sizin atalarınıza verəcəyimə and içdim. Bu ölkə sizə irs olaraq veriləcək. 15 Ölkənin sərhədi belə olacaq: şimalda Böyük dənizdən Xetlon yolu ilə Xamat keçidinə, Sedada, 16 Berotaya və Dəməşq ilə Xamatın torpaqları arasında yerləşən Sivrayimə, Xavran sərhədində olan Xaser-Hattikona qədər uzanacaq. 17 Sərhəd dənizdən Xasar-Enona, Dəməşqin şimal sərhədi boyunca uzanacaq, Xamat sərhədi şimalda olacaq. Şimal sərhədi belədir. 18 Şərqdə sərhədi Xavranla Dəməşq arasından başlayıb Gileadı İsraildən ayıran İordan çayı boyunca Şərq dənizinə qədər ölçün. Şərq sərhədi belədir. 19 Cənubda sərhəd Tamardan Meriva-Qadeş sularına, Misir vadisi boyunca Böyük dənizə qədər uzanacaq. Cənub sərhədi belədir. 20 Qərbdə Xamat keçidinin qarşısındakı yerə qədər Böyük dəniz sərhəd olacaq. Qərb sərhədi belədir. 21 Bu ölkəni İsrail qəbilələrinə görə öz aranızda bölüşdürün. 22 Ölkəni öz aranızda və aranızda yaşayarkən övladları doğulan yadellilərlə irs olaraq bölüşdürün. Onları da İsrail övladları arasında yerlilər kimi hesab edin. Onların da İsrail qəbilələri arasında sizin kimi irsləri olacaq. 23 Yadelli hansı qəbilədə yaşayırsa, orada ona düşən payı irs olaraq verin» Xudavənd Rəbb belə bəyan edir.

< Yezekel 47 >