Yezekel 39

1 Sən ey bəşər oğlu, Qoqun əleyhinə peyğəmbərlik edib söylə ki, Xudavənd Rəbb belə deyir: “Ey Roşun, Meşekin və Tuvalın rəhbəri Qoq, Mən sənin əleyhinəyəm. 2 Səni geri qaytarıb aparacağam, uzaq şimaldan çıxaracağam və İsrail dağları üzərinə gətirəcəyəm. 3 Sol əlindən kamanını, sağ əlindən oxlarını vurub salacağam. 4 Sən bütün ordularınla, yanında olan xalqlarla birgə İsrail dağları üzərində həlak olacaqsan. Səni qida olmaq üçün hər cür yırtıcı quşa və vəhşi heyvanlara verəcəyəm. 5 Açıq çöldə həlak olacaqsan, çünki Mən bunu söylədim, Xudavənd Rəbb belə bəyan edir. 6 Mən Maqoqun və sahil ölkələrində əmin-amanlıq içində yaşayanların üstünə od göndərəcəyəm. Onda biləcəklər ki, Rəbb Mənəm. 7 Xalqım İsrailin arasında müqəddəs adımı tanıdacağam, artıq müqəddəs adımın ləkələnməsinə izin verməyəcəyəm. Onda millətlər biləcəklər ki, Mən Rəbbəm, İsraildə Müqəddəs Olanam. 8 Budur, o vaxt gəlir və mütləq baş verəcək” Xudavənd Rəbb belə bəyan edir, “bu gün Mənim dediyim gündür. 9 Onda İsrail şəhərlərində yaşayanlar çıxıb od qalayacaq. Silahlarını, qalxanlarını, sipərlərini, kamanlarını, oxlarını, toppuzlarını və nizələrini bu odda yandıracaqlar. Onları yeddi il ərzində yandıracaqlar. 10 Çöldən odun daşımayacaq, meşələrdən ağac kəsməyəcəklər, çünki silahlarla od qalayacaqlar. Onları qarət edənləri qarət edəcək, mallarını talan edənləri talan edəcəklər” Xudavənd Rəbb belə bəyan edir. 11 “O gün Duz dənizinin şərqində, Səyyahlar dərəsində Qoqa İsraildə bir qəbiristanlıq verəcəyəm. Orada Qoq və bütün qoşunu basdırılacaq. Bu yerə Hamon-Qoq dərəsi deyiləcək. Oradan yol keçənlərin qabağı kəsiləcək. 12 Ölkəni təmizləmək üçün İsrail nəsli yeddi ay onları basdırmaqla məşğul olacaq. 13 Onları bütün ölkə xalqı basdıracaq. Mənim izzətləndiyim gün onlar üçün əlamətdar olacaq” Xudavənd Rəbb belə bəyan edir. 14 “Ölkəni təmizləmək üçün adamlara iş tapşırılacaq. Bəziləri ölkəni dayanmadan dolaşacaq, bəziləri isə yerdə qalan cəsədləri basdıracaq. Yeddi aydan sonra axtarışlara başlayacaqlar. 15 Bu adamlar ölkənin hər yerini dolaşacaq. İnsan sümüyü görəndə qəbirqazanlar onu Hamon-Qoq dərəsində basdırana qədər yanına bir nişan qoyacaq. 16 Orada Hamona adlı bir şəhər olacaq. Beləcə ölkəni təmizləyəcəklər”. 17 Sən ey bəşər oğlu, Xudavənd Rəbb belə deyir: “Hər cür quşa və hər cür vəhşi heyvana söylə ki, toplaşıb gəlsinlər. Sizin üçün kəsəcəyim qurbanın – İsrail dağları üzərindəki böyük qurbanın yanına hər tərəfdən yığılın. Orada ət yeyib qan içəcəksiniz. 18 Başanın bəslənmiş heyvanlarının – qoçların, quzuların, təkələrin və buğaların ətini yeyib qanını içdiyiniz kimi igidlərin ətini yeyəcək, dünya rəhbərlərinin qanını içəcəksiniz. 19 Sizin üçün kəsdiyim qurbandan doyunca yağ yeyəcək, sərxoş olunca qan içəcəksiniz. 20 Süfrəmdə atlardan, süvarilərdən, igidlərdən və hər cür əsgərdən bol-bol yeyib-doyacaqsınız” Xudavənd Rəbb belə bəyan edir. 21 “İzzətimi millətlər arasında göstərəcəyəm. Bütün millətlər onlara verdiyim cəzanı və üstlərinə qoyduğum əlimi görəcək. 22 Bu gündən sonra İsrail nəsli biləcək ki, onların Allahı Rəbb Mənəm. 23 Onda millətlər biləcək ki, İsrail nəsli öz təqsirlərindən ötrü sürgünə getdi. Çünki onlar Mənə xəyanət etdi, Mən onlardan üz döndərdim, onları düşmənlərinə təslim etdim, hamısı qılıncla həlak oldu. 24 Murdarlıqlarına və üsyanlarına görə onlarla rəftar etdim, onlardan üz döndərdim”. 25 Buna görə Xudavənd Rəbb belə deyir: “Yaqub nəslindən sürgün olunanları indi geri qaytaracaq, bütün İsrail nəslinə rəhm edəcək və müqəddəs adım naminə qısqanc olacağam. 26 Torpaqlarında əmin-amanlıq içində yaşayanda, onları qorxudan bir kəs olmayanda rüsvayçılıqlarını və Mənə etdikləri bütün xəyanətləri unudacaqlar. 27 Onları xalqlar arasından geri qaytarıb düşmən ölkələrindən topladığım zaman çoxlu millətin gözü önündə, onların arasında müqəddəs tutulacağam. 28 Onda biləcəklər ki, onların Allahı Rəbb Mənəm. Çünki onları millətlər arasına sürgünə göndərdim. Amma öz torpaqlarına da qaytaracağam, artıq heç birini qaldığı ölkəsində qoyub getməyəcəyəm. 29 Bir daha onlardan üz döndərməyəcəyəm, çünki İsrail nəsli üzərinə Öz Ruhumu tökəcəyəm” Xudavənd Rəbb belə bəyan edir».