< Yezekel 24 >

1 Sürgünlüyümüzün doqquzuncu ilində, onuncu ayın onuncu günü mənə Rəbbin bu sözü nazil oldu: 2 «Ey bəşər oğlu, bu günün, məhz bu günün tarixini qeyd elə. Çünki Babil padşahı məhz bu gün Yerusəlimi mühasirəyə aldı. 3 Bu üsyankar xalqa bir məsəl danışıb söylə ki, Xudavənd Rəbb belə deyir: “Qazanı oda qoy, oda qoy, İçinə su doldur. 4 Ətin parçalarını, ən yaxşı parçalarını, Budu və döşü oraya yığ. Onu seçilmiş sümüklərlə doldur. 5 Sürüdən ən yaxşı heyvanları götür, Qazanın altına isə odun yığ. Qoy içindəki su qaynasın ki, Qazandakı sümükləri də bişsin”. 6 Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Ora pas tutmuşdur, Öz pasından təmizlənməmiş qazana bənzəyir. Püşk atmadan əti parça-parça qazandan çıxarın. 7 Çünki onun tökdüyü qan hələ içindədir. Qanı tozla örtmək üçün hətta yerə də tökmədi, Düz çılpaq qayanın üstünə axıtdı. 8 Mən də qəzəbi alovlandıraraq Qisas alınsın deyə Onun qanını çılpaq bir qayanın Üstünə tökdüm ki, örtülməsin”. 9 Buna görə də Xudavənd Rəbb belə deyir: “Qan tökən şəhərin vay halına! Mən də odun qalağını böyüdəcəyəm. 10 Odunları yığ, odu alovlandır, Əti yaxşı bişir, Ədviyyatını qat, Sümüklər də yansın. 11 Onun közləri üstünə Qazanı boş qoy ki, qızsın, Misi yansın, İçindəki murdarlığı getsin, Pası ərisin. 12 Bütün zəhmət hədər getdi, Qalın pası ərimək bilmir, Pası odla da çıxmır. 13 Etdiyin pozğunluq səni murdarladı, Səni təmizləmək istədim, Amma sən təmizlənmək istəmədin. Sənə qarşı qəzəbim yatana qədər Öz murdarlığından təmizlənməyəcəksən. 14 Mən Rəbb bunu söylədim, Vaxt çatdı ki, yerinə yetirim. Çəkinməyəcəyəm, acımayacağam, Peşman olmayacağam. Adətlərinə və əməllərinə görə cəzalanacaqsan” Xudavənd Rəbb belə deyir». 15 Mənə Rəbbin bu sözü nazil oldu: 16 «Ey bəşər oğlu, gözündə çox qiymətli olan bir nəfəri bir zərbə ilə əlindən alacağam. Amma sən yas tutma, ağlayıb göz yaşı tökmə. 17 İçin-için ağla, ölülər üçün yas tutma. Çalmanı başına qoyub çarığını ayağına gey. Üzünün alt hissəsini örtmə, yas tutanların çörəyini yemə». 18 Mən səhər xalqa bu sözləri söylədim. Axşamüstü arvadım öldü. Ertəsi gün səhər mənə əmr olunanı etdim. 19 Xalq mənə dedi: «Etdiyin bu şeylərin bizə nə dəxli var? Bizə bildirməzsən?» 20 Mən onlara dedim: «Mənə Rəbbin bu sözü nazil oldu: 21 İsrail nəslinə söylə ki, Xudavənd Rəbb belə deyir: “Öyündüyünüz güc mənbəyinizi, gözünüzdə ən qiymətli olan şeyi, ürəyinizin arzusu olan Müqəddəs məkanımın murdarlanmasına izin verəcəyəm. Arxada qoyduğunuz oğullarınız və qızlarınız qılıncdan keçiriləcək. 22 Mən nə etdimsə, siz də elə edəcəksiniz: üzünüzün alt hissəsini örtməyəcəksiniz, yas tutanların çörəyini yeməyəcəksiniz. 23 Çalmanız başınızda, çarığınız ayağınızda olacaq. Yas tutmayacaq, ağlamayacaqsınız, ancaq təqsirlərinizin içində əriyib yox olacaq, baş-başa verib inləyəcəksiniz. 24 Yezekel sizə bir əlamət olacaq: o nə edəcəksə, siz də onu edəcəksiniz. Bu hadisələr olanda biləcəksiniz ki, Xudavənd Rəbb Mənəm”. 25 Sən ey bəşər oğlu, qalalarını, sevinc və izzətlərini, gözlərində qiymətli olan şeyi, ürəklərinin arzusunu, oğulları ilə qızlarını onlardan aldığım vaxt – 26 o gün fəlakətdən qaçıb qurtulan bir nəfər gəlib sənə bu xəbəri bildirəcək. 27 O gün bu qaçağın yanında dilin açılacaq, onunla danışacaq, artıq dinməz qalmayacaqsan. Beləcə onlar üçün bir əlamət olacaqsan. Onda biləcəklər ki, Rəbb Mənəm».

< Yezekel 24 >