< Çixiş 4 >

1 Musa belə cavab verdi: «Bəlkə onlar mənə inanmayaraq sözümə qulaq asmayıb “Rəbb sənə görünməyib” deyəcəklər?» 2 Rəbb Musaya dedi: «Sənin əlindəki nədir?» O dedi: «Əsa». 3 Rəbb dedi: «Onu yerə at». Musa onu yerə atdı və əsa ilan oldu. Musa onun qabağından qaçdı. 4 Rəbb Musaya dedi: «Əlini uzadıb onun quyruğundan tut». Musa əlini uzadıb tutanda o yenə əlində əsa oldu. 5 Sonra Rəbb dedi: «Bu əlamət ona görədir ki, İsraillilər atalarının Allahı, İbrahimin Allahı, İshaqın Allahı və Yaqubun Allahı Rəbbin sənə göründüyünə inansınlar». 6 Rəbb yenə dedi: «İndi əlini qoynuna qoy». Musa əlini qoynuna qoydu. Onu qoynundan çıxaranda, əli cüzama tutulub qar kimi ağappaq oldu. 7 Sonra Rəbb dedi: «Əlini yenə qoynuna qoy». Musa yenə əlini qoynuna qoydu. Əlini qoynundan götürəndə əli yenə də bədəni kimi oldu. 8 Rəbb davam etdi: «Əgər sənə inanmasalar və əvvəlki əlaməti qəbul etməsələr, sonrakı əlaməti qəbul edəcəklər. 9 Bu iki əlamətə də inanmayıb sözünə qulaq asmasalar, Nil çayının suyundan götürüb quruya tök. Çaydan götürdüyün su quruda qana çevriləcək». 10 Musa Rəbbə dedi: «Ya Xudavənd, mən nə keçmişdə, nə də qulunla danışdığın vaxt natiq olmamışam, çünki dili ağır, səlis danışmayan bir adamam». 11 Rəbb ona dedi: «Ağzı insana kim verib? İnsanı lal, kar, kor yaxud gözlü edən kimdir? Bunu edən Mən Rəbb deyiləmmi? 12 İndi get, Mən ağzınla danışacağam və deyəcəyin sözü sənə öyrədəcəyəm». 13 Musa dedi: «Ya Xudavənd, yalvarıram, başqa adamı göndər». 14 Rəbb Musaya qəzəblənib dedi: «Qardaşın Levili Harun yoxdurmu? Bilirəm ki, onun yaxşı nitqi var. İndi o səni qarşılamağa gəlir. Səni görəndə ürəkdən sevinəcək. 15 Qardaşınla danış, nə demək lazımdırsa, ona başa sal. Mən isə sənin və onun ağzı ilə danışacağam. Sizə nə etməyi öyrədəcəyəm. 16 Sənin əvəzinə xalqla Harun danışacaq. O sənin üçün ağız kimi, sən isə onun üçün Allah kimi olacaqsan. 17 Bu əsanı əlinə götür; onunla əlamətlər göstərəcəksən». 18 Musa oradan getdi və qayınatası Yetronun yanına qayıdıb dedi: «İzin ver qayıdıb Misirdəki xalqımın yanına gedim, görüm onlar sağ-salamatdırlar ya yox?» Yetro Musaya dedi: «Salamat get». 19 Midyan torpağında Rəbb Musaya dedi: «Misirə qayıt, çünki sənin canını almaq istəyən adamların hamısı ölüb». 20 Musa arvadını və oğullarını götürüb eşşəyə mindirdi və Allahın buyurduğu əsanı əlinə götürüb Misirə yollandı. 21 Rəbb Musaya dedi: «Misirə qayıdanda sənə buyurduğum bütün möcüzələrə fikir ver və fironun hüzurunda onları göstər; ancaq Mən onun ürəyini inadkarlaşdıracağam və o, xalqı buraxmayacaq. 22 Firona söyləyəcəksən: “Rəbb belə deyir: İsrail Mənim oğlum, Mənim ilkimdir. 23 Sənə dedim ki, Mənə ibadət etmək üçün oğlumu burax! Sən isə onu buraxmaqdan boyun qaçırdın. Onda Mən sənin ilk oğlunu öldürəcəyəm”». 24 Yolda gecələyərkən Rəbb Musaya rast gəldi və onu öldürmək istədi. 25 O zaman Sippora çaxmaq daşı götürüb oğlunu sünnət etdi və sünnət ətini Musanın ayaqlarına toxundurub dedi: «Sən mənim qan adaxlımsan». 26 Beləliklə, Rəbb ondan əl çəkdi. Sippora Musaya sünnətə görə «qan adaxlımsan» demişdi. 27 Rəbb Haruna dedi: «Musanı qarşılamaq üçün səhraya get». Harun gedib Allahın dağında qardaşına rast gəldi və onunla öpüşdü. 28 Musa Haruna Rəbb onu necə göndərdiyini bildirdi. Rəbbin bütün sözlərini və ona göstərmək üçün əmr etdiyi bütün əlamətləri barədə Haruna danışdı. 29 Musa və Harun gedib İsrail övladlarının bütün ağsaqqallarını topladılar. 30 Harun Rəbbin Musaya söylədiyi sözlərin hamısını onlara dedi və xalqın qarşısında əlamətlər göstərdi. 31 Xalq bunlara inandı. Onlar Rəbbin İsrail övladlarının əziyyətini görüb nəzər saldığını eşidəndə əyilib Ona səcdə etdilər.

< Çixiş 4 >