< Çixiş 17 >

1 Bütün İsrail övladlarının icması Sin səhrasından yola düşüb Rəbbin buyurduğuna görə dayana-dayana köç edirdilər. Onlar Refidimdə düşərgə saldılar. Orada xalqın içməyə suyu yox idi. 2 Ona görə də xalq Musa ilə münaqişə edib belə dedi: «Bizə içməyə su verin». Musa onlara dedi: «Niyə mənimlə münaqişə edirsiniz? Nə üçün Rəbbi sınayırsınız?» 3 Xalq orada olanda susamışdı. Ona görə də Musanın əlindən deyinib dedi: «Axı niyə bizi Misirdən çıxartdın? Bu bizi, oğullarımızı və heyvanlarımızı susuzluqdan öldürmək üçündürmü?» 4 Musa Rəbbə fəryad edib dedi: «Axı mən bu xalq ilə nə edim? Bir az da keçsə, məni daşqalaq edəcəklər». 5 Rəbb Musaya dedi: «Xalqın qarşısına çıx. Özünlə bərabər bir neçə İsrail ağsaqqalı götür. Nil çayına vurduğun əsanı əlinə alıb irəli get. 6 Orada – Xorevdəki qayanın üstündə Mən sənin önündə dayanacağam. Zərbə ilə qayaya vur və oradan xalq üçün içməli su çıxacaq». Musa da İsrail ağsaqqallarının gözü qarşısında bunu etdi. 7 Musa o yeri Massa və Meriva adlandırdı, çünki orada İsrail övladları münaqişə etmişdilər və «görəsən Rəbb aramızdadır ya yox» deyə Rəbbi sınamışdılar. 8 Bundan sonra Amaleqlilər gəlib Refidimdə İsrail övladları ilə döyüşdülər. 9 Musa Yeşuaya dedi: «Bizim üçün bir neçə adam seç, get Amaleqlilərlə döyüş. Sabah mən əlimdə Allahın əsası ilə təpənin başında dayanacağam». 10 Yeşua da Musa deyən kimi etdi və gedib Amaleqlilərlə döyüşdü. Musa, Harun və Xur isə təpənin başına çıxdılar. 11 Musa əlini qaldıranda İsrail övladları üstün gəlirdi, əlini endirəndə isə Amaleqlilər üstün gəlirdi. 12 Lakin Musanın əlləri yorulurdu. Ona görə də bir daş götürüb onun altına qoydular. Musa daşın üstündə oturdu. Əlinin birindən Harun, o birisindən isə Xur yapışdı. Beləcə Musanın gün batanacan əlləri möhkəm qaldı. 13 Yeşua Amaleq padşahını və xalqını qılıncdan keçirib qırdı. 14 Rəbb Musaya dedi: «Bunu xatirə olaraq kitaba yaz, Yeşuanın qulağına çatdır ki, Mən Amaleqin adını büsbütün yer üzərindən siləcəyəm». 15 Musa bir qurbangah düzəldərək adını Yahve-Nissi qoyub 16 dedi: «Rəbbin taxtına doğru əl uzadılırdı. O, nəsildən-nəslə Amaleqlilərə qarşı döyüşəcək».

< Çixiş 17 >