< Qanunun Təkrari 25 >

1 İnsanlar arasında münaqişə olarsa, qoy onlar məhkəməyə getsinlər. Hakimlər bu işə baxıb haqlı adama bəraət, haqsıza isə cəza versinlər. 2 Əgər təqsirkar adam kötəklənməyə layiqdirsə, qoy hakim onu yerə uzandırıb kötəyi günahının ağırlığına görə vurdursun. 3 Təqsirkara qırx zərbədən artıq vurulmasın. Əgər qırxdan çox zərbə vursanız, soydaşınız göz önündə zəlil ola bilər. 4 Xırman çəkən öküzün ağzını bağlama. 5 Əgər qardaşlar bir yerdə yaşayırlarsa, onlardan biri ölərsə və ölənin oğlu olmazsa, dul qadın başqa ailədən olan bir adama ərə getməsin. Qaynı yanına gəlib onu arvad olaraq alsın və qayın-qəyyumluq vəzifəsini yerinə yetirsin. 6 Qadının doğacağı ilk oğul mərhumun adını yaşatsın. Qoy İsraildə mərhumun adı batmasın. 7 Kim mərhum qardaşının dul arvadını almaq istəməzsə, dul qadın darvazada yerləşən ağsaqqalların yanına getsin və belə desin: “Qaynım İsraildə qardaşının adını yaşatmaqdan imtina edir. Mənim üçün qayın-qəyyumluq vəzifəsini icra etmək istəmir”. 8 Onda şəhər ağsaqqalları onun qaynını çağırıb danışacaqlar. Əgər o inad edib yenə də “onu almıram” desə, 9 o zaman həmin qadın ağsaqqallar qarşısında gəlib qaynının çarığını çıxararaq üzünə tüpürsün və “qardaşının nəslini yaşatmayana belə edilir” desin. 10 İsraildə onun nəsli “çarığı çıxarılanın nəsli” adlanacaq. 11 Əgər dalaşan iki kişinin arvadlarından hansısa ərini döyən kişinin əlindən qurtarmaq üçün gəlib əl uzatsa və o biri kişinin cinsiyyət üzvündən yapışsa, 12 belə qadına rəhm etmədən onun əlini kəsin. 13 Aldatmaq üçün torbanızda biri ağır, digəri yüngül çəkən iki cür çəki daşı olmasın. 14 Evinizdə biri böyük, digəri kiçik ölçən iki cür ölçü əşyası olmasın. 15 Çəki daşınız, ölçünüz düzgün və dəqiq olsun ki, Allahınız Rəbbin sizə verəcəyi torpaqda uzun ömür sürəsiniz. 16 Çünki Allahınız Rəbb belə pis işlər görən və haqsızlıq edənlərə nifrət edir. 17 Misirdən çıxanda Amaleqlilərin yolda sizə nə etdiyini yada salın. 18 Siz yorulub əldən düşərkən onlar yolda sizə hücum etdilər, arxada qalan bütün gücsüzləri qırdılar, Allahdan qorxmadılar. 19 Allahınız Rəbb mülk etmək üçün irs olaraq sizə verəcəyi torpaqda və ətrafınızda olan düşmənlərin hamısından qurtarıb rahatlıq verəndə səma altından Amaleqlilərin xatirəsini silin və bunu unutmayın.

< Qanunun Təkrari 25 >