< Qanunun Təkrari 18 >

1 Levili kahinlərin, bütün Levi qəbiləsinin digər İsraillilərlə birgə payı və irsi olmayacaq. Onlar Rəbbə verilən yandırma təqdimləri ilə doyacaqlar və bu onların irsi olacaq. 2 Levililərin soydaşları arasında irsi torpaqları olmayacaq və Rəbbin onlara söz verdiyi kimi onların irsi Rəbb Özüdür. 3 Xalq arasında öküz və qoyun qurbanı təqdim edən qol, çənə və içalatı kahinlərə pay versin. 4 Taxılınızın, təzə şərabınızın, zeytun yağınızın nübarını və qoyunlarınızdan qırxdığınız ilk yunu kahinlərə verin. 5 Allahınız Rəbb onları və övladlarını bütün qəbilələriniz arasından seçdi ki, daim Rəbbin adına xidmətdə dayansınlar. 6 Əgər bir Levili yaşadığı İsrail şəhərlərinin birindən könüllü surətdə Rəbbin seçəcəyi yerə gedərsə, 7 orada Allahı Rəbbin qarşısında dayanan Levili soydaşları kimi Rəbbin naminə xidmət edə bilsin. 8 O, ata mülkünün satışından əldə etdiyi vəsaitdən əlavə, onlarla bərabər paydan da istifadə edə bilər. 9 Allahınız Rəbbin sizə verəcəyi torpağa girdiyiniz zaman o millətlərin iyrənc adətlərini götürüb təqlid etməyin. 10 Aranızda oğul və qızını oda qurban verən, falçı, gələcəyideyən, baxıcı, cadugər, 11 ovsunçu, cindarlara və ruhçağıranlara müraciət edən yaxud ölüləriçağıran olmasın. 12 Rəbb belə iş görənlərə nifrət edir. Elə bu iyrənc işlərə görə Allahınız Rəbb millətləri sizin qarşınızdan qovacaq. 13 Allahınız Rəbbin gözü önündə kamil olun. 14 Çünki torpaqlarını alacağınız millətlərin hamısı gələcəyideyənlərin və falçıların nəsihətlərinə qulaq asırlar. Amma Allahınız Rəbb sizin üçün buna izin vermir. 15 Allahınız Rəbb sizin üçün aranızdan – öz soydaşlarınız içərisindən mənim kimi bir peyğəmbər yetirəcək. Ona qulaq asın. 16 Çünki Xorevdə yığıldığınız gün Allahınız Rəbdən bunu diləmişdiniz: “Qoy bir də Allahımız Rəbbin səsini eşitməyək və bir daha bu böyük alovu görməyək, yoxsa ölərik”. 17 Onda Rəbb mənə dedi: “Dedikləri doğrudur. 18 Onlar üçün soydaşları arasından sənin kimi bir peyğəmbər yetirəcəyəm və sözlərimi onun dilindən eşidəcəksiniz. O əmr etdiyim hər şeyi sizə söyləyəcək. 19 Mənim adımla söylədiyi sözlərə qulaq asmayan adamı ittiham edəcəyəm. 20 Lakin hansı bir peyğəmbər ona əmr etmədiyim sözü Mənim adımdan danışmağa cürət edərsə yaxud başqa allahların adından danışarsa, o peyğəmbər öldürülsün”. 21 “Axı bu sözün Rəbdən olub-olmadığını necə bilək?” deyə düşünə bilərsiniz. 22 Əgər bir peyğəmbər Rəbbin adından danışanda dediyi söz həyata keçməzsə yaxud düz çıxmazsa, bilin ki, onu Rəbb söyləməmişdir. O peyğəmbərin dediklərinin səlahiyyəti yoxdur. Ondan qorxmayın.

< Qanunun Təkrari 18 >