< Qanunun Təkrari 16 >

1 Aviv ayını qeyd edin və Allahınız Rəbbin Pasxa bayramını keçirin. Allahınız Rəbb sizi Misirdən Aviv ayında gecə ikən çıxartdı. 2 Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə qoyun-keçilərinizdən, mal-qaranızdan Pasxa qurbanı kəsin. 3 Qurban əti ilə birlikdə mayalı çörək yeməyin. Misirdən tələsik çıxdığınıza görə əziyyət içərisində yediyiniz çörək kimi yeddi gün mayasız çörək, yəni əziyyət çörəyi yeyin. Bununla ömür boyu Misirdən çıxdığınız günü yada salın. 4 Ölkənizin heç bir yerində yeddi gün mayadan istifadə olunmasın. İlk gün axşam qurban kəsdiyiniz heyvanların əti səhərə qədər qalmasın. 5 Pasxa qurbanlarını Allahınız Rəbbin sizə verəcəyi şəhərlərin heç birində kəsməyin, 6 ancaq Allahınız Rəbbin Öz isminə məskən seçəcəyi yerdə kəsin. Orada qurbanları axşam, gün batanda, Misirdən çıxdığınız saatlarda kəsin. 7 Əti Allahınız Rəbbin seçəcəyi yerdə bişirib yeyin. Səhər açılanda isə oradan çıxıb çadırlarınıza qayıdın. 8 Altı gün mayasız çörək yeyin. Yeddinci gün Allahınız Rəbb üçün təntənəli toplantı keçirin və heç bir iş görməyin. 9 Əkinə oraq vurduğunuz ilk gündən yeddi həftə sayın və 10 Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə könüllü təqdim verməklə Allahınız Rəbb üçün Həftələr bayramı keçirin. 11 Allahınız Rəbbin qarşısında – Onun Öz isminə məskən seçəcəyi yerdə siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, aranızda yaşayan qəriblər, yetimlər və dul qadınlar birlikdə sevinəcəksiniz. 12 Misirdə kölə olduğunuzu yada salın və bu qaydalara diqqətlə əməl edin. 13 Xırmanınızdan, üzümsıxanınızdan məhsul götürəndən sonra özünüz üçün yeddi gün Çardaqlar bayramı keçirin. 14 Bu bayramda siz, oğullarınız, qızlarınız, qullarınız, qarabaşlarınız, şəhərlərinizdə yaşayan Levililər, qəriblər, yetimlər və dul qadınlarla birlikdə sevinəcəksiniz. 15 Allahınız Rəbbin seçəcəyi yerdə Rəbb üçün yeddi gün bu bayramı keçirin, çünki Allahınız Rəbb bütün məhsullarınıza, əllərinizin hər işinə xeyir-dua verib və siz tam sevinc içində yaşayacaqsınız. 16 Bütün kişiləriniz ildə üç dəfə Mayasız Çörək bayramında, Həftələr bayramında, Çardaqlar bayramında Allahınız Rəbbin hüzurunda olmaq üçün Onun seçəcəyi yerə getsin. Heç kəs Rəbbin hüzuruna əliboş gəlməsin. 17 Hər biriniz Allahınız Rəbbin sizə verdiyi bərəkətə görə bəxşiş götürməlisiniz. 18 Allahınız Rəbbin sizə verəcəyi şəhərlərdə hər qəbiləniz üçün hakimlər və məmurlar seçin. Qoy onlar xalqa ədalətlə hakimlik etsinlər. 19 Hökm çıxararkən haqsızlıq etməyin, heç kimin tərəfini saxlamayın. Rüşvət almayın, çünki rüşvət müdrik insanın belə, gözlərini kor edir və məhkəmədə məsum bir insana qarşı səhv qərara yol verir. 20 Salehliyin, yalnız salehliyin ardınca gedin, onda həyat taparsınız və Allahınız Rəbbin sizə verəcəyi torpağı irs olaraq alarsınız. 21 Allahınız Rəbb üçün quracağınız qurbangahın yanına ilahə Aşeranın surətində heç bir ağac sütunu qoymayın. 22 Allahınız Rəbbin ikrah etdiyi daş sütun qoymayın.

< Qanunun Təkrari 16 >