< Daniel 7 >

1 Babil padşahı Belşassarın padşahlığının birinci ilində Daniel yatarkən bir yuxu gördü və ona görüntülər gəldi. Sonra yuxunu yazıb məzmununu qeyd etdi. 2 Daniel danışmağa başlayıb dedi: mən gecə gələn görüntüdə gördüm ki, budur, göylərin dörd küləyi böyük bir dənizin üstündə çarpışır. 3 Dənizdən bir-birinə oxşamayan dörd böyük heyvan çıxdı. 4 Birincisi şirə bənzəyirdi, amma onun qartal qanadları var idi. Mən baxarkən onun qanadları qoparıldı və o, yerdən qaldırılıb insan kimi ayaq üstə qalxdı. Ona insan ürəyi verilmişdi. 5 Başqa birisi – ikinci heyvan ayıya bənzəyirdi. O, bir yanı tərəfə əyilmişdi və ağzında – dişləri arasında üç qabırğa sümüyü var idi. Ona belə deyildi: «Qalx çoxlu ət ye». 6 Bundan sonra mən bəbirə bənzəyən başqa bir heyvan gördüm. Heyvanın belində dörd quş qanadı və onun dörd başı var idi. Ona hakimiyyət verilmişdi. 7 Bundan sonra mən gecə gələn görüntülərdə dəhşətli, heybətli və çox güclü olan dördüncü heyvanı gördüm. Onun böyük dəmir dişləri var idi. O hər şeyi əzib yeyir, qalıqları isə ayaqları altında tapdalayırdı. O, heyvanların hamısından fərqlənirdi və on buynuzu var idi. 8 Mən buynuzlara baxırdım ki, onların arasından yenə kiçik bir buynuz çıxdı və əvvəlki buynuzlardan üçü onun qarşısından götürüldü. Bu buynuzun insan gözləri kimi gözləri və təkəbbürlə danışan ağzı var idi. 9 Nəhayət, mən gördüm ki, Taxtlar quruldu və Əzəldən Var Olan oturdu. Onun əynində qar kimi bəyaz paltar var idi, Saçları yun kimi ağappaq idi. Taxtı alov dilləri tək, çarxları yanar od kimi idi. 10 Önündən odlu çay çıxıb axırdı. Minlərlə nəfər Ona xidmət edir, On minlərlə nəfər Onun hüzurunda durmuşdu. Məhkəmə iclası başlandı və kitablar açıldı. 11 O zaman buynuzun söylədiyi təkəbbürlü sözlər mənim diqqətimi cəlb etdi. Heyvan gözlərimin qabağında öldürüldü və bədəni parçalanıb yanan oda atıldı. 12 Həmçinin başqa heyvanların da hakimiyyəti əllərindən alındı, ancaq ömürləri müəyyən müddətə qədər uzadıldı. 13 Gecə gələn görüntülərdə gördüm ki, budur, bəşər oğluna bənzər Biri göyün buludları ilə gəlir. O, Əzəldən Var Olana yaxınlaşdı və Onun hüzuruna gətirildi. 14 Ona hakimiyyət, izzət və padşahlıq verildi ki, bütün xalqlara, millətlərə və dillərə mənsub adamlar Ona xidmət etsin. Onun hakimiyyəti sona yetməyən əbədi hakimiyyətdir. Onun padşahlığı əsla yox olmayacaq. 15 Mən Danielin isə bədənimdə ruhum titrədi və gələn görüntülər məni vahiməyə saldı. 16 Ayaq üstə duran adamlardan birinə yaxınlaşıb «Bütün bu şeylərin həqiqi mənası nədir?» deyə soruşdum. O adam bu şeylərin mənasını mənə izah edib bildirdi: 17 «Bu dörd böyük heyvan yerdən çıxacaq dörd padşahlıqdır. 18 Sonra padşahlığı Haqq-Taalanın müqəddəsləri alacaq, əbədi və daim padşahlığa sahib olacaq». 19 Onda mən başqalarından fərqlənən dördüncü heyvan barədə dəqiq izahat istədim. O, çox qorxunc idi, dəmir dişləri və tunc dırnaqları ilə əzib-yeyirdi, qalıqları isə ayaqları altında tapdalayırdı. 20 Onun başında on buynuz var idi. Daha biri çıxdı və üçü onun önündə düşdü. Bu həmin o buynuz idi ki, gözləri və təkəbbürlə danışan ağzı var idi və görünüşü o biri buynuzlarından daha heybətli idi. 21 Mən gördüm ki, bu buynuz müqəddəslərlə döyüşüb onlara üstün gəlir; 22 o vaxta qədər ki Əzəldən Var Olan gəldi, Haqq-Taalanın müqəddəslərinin xeyrinə hökm verildi və padşahlığa müqəddəslərin sahib olduğu vaxt yetişdi. 23 O bunu belə izah etdi: «Dördüncü heyvan yer üzündə olacaq dördüncü padşahlıqdır. O başqa padşahlıqlardan fərqli olub bütün yer üzünü udacaq və hər şeyi tapdalayıb əzəcək. 24 On buynuzun mənası budur ki, bu padşahlıqdan on padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb üç padşahı yıxacaq. 25 Haqq-Taalanın əleyhinə sözlər deyəcək və Haqq-Taalanın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Onlar bir vaxt, vaxtlar və yarım vaxt ərzində ona təslim ediləcək. 26 Sonra isə məhkəmə qurulacaq və onun hakimiyyəti əlindən alınacaq, əbədilik məhv olub yox olacaq. 27 Padşahlıq, hakimiyyət və göylərin altındakı bütün padşahlıqların əzəməti Haqq-Taalanın müqəddəs xalqına veriləcək. Onun padşahlığı əbədi padşahlıq olacaq və bütün hökmdarlar Ona qulluq edib itaət edəcək». 28 Burada söz bitir. Mən Danieli isə düşüncələrim bərk vahiməyə saldı və bənizim soldu. Ancaq bu sözləri yadımda saxladım.

< Daniel 7 >