< Amos 6 >

1 Vay halınıza, ey Sionda laqeyd olanlar, Samariya dağında arxayın oturanlar, İsrail nəslinin müraciət etdiyi Millətlər arasında adlı-sanlılar! 2 Kalneyə keçib görün, Oradan böyük Xamata gedin, Filiştlilərin Qat şəhərinə gəlin. Onların halı bu ölkələrdən daha yaxşıdırmı? Onların ərazisi sizinkindən böyükdürmü? 3 Vay halınıza, ey bəla gününü uzaq sanıb Zorakılığı taxtına yaxınlaşdıranlar! 4 Ey fil dişi ilə bəzənmiş çarpayılarda yayxanıb, Yataqlarda uzanıb, Sürüdəki quzulardan, Axurun yanındakı danalardan götürüb yeyənlər! 5 Çəng çalıb bədahətən oxuyanlar, Guya Davud kimi musiqi alətləri ilə nəğmə deyənlər, 6 Piyalə-piyalə şərab içənlər, Bədənlərinə əla yağlar sürtənlər, Lakin Yusif nəslinin qırğınına görə Narahat olmayanlar! 7 Bundan ötrü indi sürgünə Başda siz gedəcəksiniz. Keflənib yayxananların ziyafəti başa çatacaq. 8 Xudavənd Rəbb Öz haqqına and içir, Ordular Allahı Rəbb bəyan edir: “Yaqub nəslinin qüruruna nifrət edirəm, Qalalarından zəhləm gedir. İçində olanlarla birlikdə Paytaxtlarını təslim edəcəyəm”. 9 Əgər bir evdə on nəfər qalsa, onlar da öləcək. 10 Ölən bir nəfərin qohumu onun cəsədini götürüb yandırmaq üçün gələcək. Evin içində olana “Yanında kim var?” deyə soruşanda, o da “heç kim” söyləyəcək. Onda o qohum belə deyəcək: “Sus, Rəbbin adını çəkmək olmaz”. 11 Çünki Rəbb əmr edəndə böyük evlər parça-parça olub yıxılacaq, kiçik komalar da qırıq-qırıq olub dağılacaq. 12 Qaya üzərində atlar çaparmı? Orada kim öküzlərlə kotan sürər? Siz isə ədaləti zəhərə döndərmisiniz, Bəraəti də acıya çevirmisiniz. 13 Ey Lo-Devarı tutub “Qarnayimi öz gücümüzlə almadıqmı?” deyərək lovğalananlar! 14 Ordular Allahı Rəbb belə bəyan edir: “Budur, ey İsrail nəsli! Mən sizə qarşı bir millət çıxarıram. Xamat keçidindən Arava vadisinə qədər onlar sizə zülm edəcək”.

< Amos 6 >