< Həvarilərin Işləri 23 >

1 Ali Şuranı diqqətlə nəzərdən keçirən Paul dedi: «Qardaşlar, mən bu günəcən Allahın qarşısında təmiz vicdanla yaşamışam». 2 Baş kahin Xananya Paulun yanında duranlara əmr etdi ki, onun ağzından vursunlar. 3 Bundan sonra Paul ona dedi: «Ey üzü ağardılan divar, səni Allah vuracaq! Həm oturub Qanuna əsasən məni mühakimə edirsən, həm də Qanunu pozaraq məni döymək üçün əmr verirsən». 4 Yanında duranlar ona dedilər: «Sən Allahın baş kahinini söyürsən?» 5 Paul dedi: «Qardaşlar, onun baş kahin olduğunu bilmirdim. Əlbəttə, “xalqın başçısı barədə pis söz demə” deyə yazılıb». 6 Onların bir hissəsinin sadukey, digər hissəsinin isə farisey olduğunu bilən Paul Ali Şuraya nida etdi: «Ey qardaşlar, mən farisey oğlu fariseyəm. Ölülərin dirilməsinə ümid bəslədiyim üçün burada mühakimə olunuram». 7 Paulun bu sözündən sonra fariseylərlə sadukeylər arasında çəkişmə başladı və toplantı iki hissəyə ayrıldı. 8 Çünki sadukeylər iddia edirlər ki, ölümdən dirilmə, mələk və ruh yoxdur. Əksinə, fariseylər bunların hamısına inanırlar. 9 Toplantıda böyük bir hay-küy yarandı. Farisey tərəfini tutan bəzi ilahiyyatçılar qalxıb dava yaradaraq belə deyirdilər: «Bu adamda heç bir günah görmürük. Nə olsun ki, onunla bir ruh və yaxud mələk danışıb». 10 Çəkişmə o qədər qızışdı ki, minbaşı onların Paulu parçalayacağından qorxdu. O, əsgərlərə əmr etdi ki, aşağı enib Paulu zorla onların arasından çıxararaq qalaya aparsınlar. 11 O gecə Rəbb Paulun yanında dayanıb dedi: «Cəsarətli ol, Yerusəlimdə Mənim haqqımda etdiyin şəhadəti Romada da etməyin lazımdır». 12 Səhər açılanda Yəhudilər öz aralarında Paula sui-qəsd hazırlayaraq and içdilər: «Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!» 13 Bu sui-qəsdə qoşulanların sayı qırxdan artıq idi. 14 Bu adamlar başçı kahinlərlə ağsaqqalların yanına gəlib belə dedilər: «Biz qəti and içmişik: “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” 15 İndi siz Ali Şura ilə birgə guya Paulun işinə daha dəqiq baxmaq istəyərək minbaşıdan xahiş edin ki, onu yanınıza gətirsin. Paul buraya gəlməmiş biz onu öldürməyə hazır olacağıq». 16 Lakin Paulun bacısı oğlu onların pusqu qurduqlarını eşidib qalaya girdi və Paula xəbər verdi. 17 Paul yüzbaşılardan birini yanına çağırıb dedi: «Bu cavanı minbaşının yanına apar, ona çatdırılası bir xəbəri var». 18 Yüzbaşı cavanı götürüb minbaşının yanına apardı və dedi: «Məhbus Paul məni çağırıb xahiş etdi ki, bu oğlanı sənin yanına aparım. Sənə bir sözü var». 19 Minbaşı cavanın əlindən tutub bir tərəfə çəkdi və soruşdu: «Mənə nə demək istəyirsən?» 20 Cavan dedi: «Yəhudilər belə razılığa gəlib ki, guya Paulun işinə daha dəqiq baxmaq istəyirlər, ona görə sabah səndən onun Ali Şuraya gətirilməsini xahiş edəcəklər. 21 Amma sən onların sözünə qulaq asma, çünki qırx nəfərdən artıq kişi “Əgər Paulu öldürməmiş bir şey yeyib-içəriksə, lənətə gələk!” deyə and içib pusquda gözləyir. Onlar hazır dayanıb sənin razılığını gözləyirlər». 22 Minbaşı ona belə tapşırdı: «Bunları mənə xəbər verdiyini heç kimə demə». Sonra oğlanı evə göndərdi. 23 Minbaşı yüzbaşılardan ikisini yanına çağırıb belə dedi: «Gecənin üçüncü saatı Qeysəriyyəyə getmək üçün iki yüz piyada, yetmiş atlı və iki yüz nizəçi hazırlayın. 24 Həmçinin minmək üçün heyvanlar gətirin və Paulu sağ-salamat vali Feliksə çatdırın». 25 Sonra bu cür məktub yazdı: 26 «Möhtərəm vali Feliksə Klavdi Lisiyadan salamlar! 27 Bu kişini Yəhudilər tutub öldürmək istəyirdi. Mən biləndə ki bu adam Roma vətəndaşıdır, özümü yetirib əsgərlərlə onu xilas etdim. 28 Onu nədə təqsirləndirmələrini bilmək üçün Yəhudilərin Ali Şurasının qarşısına çıxartdım. 29 Öyrəndim ki, onu özlərinin Qanunu ilə bağlı məsələlərdə ittiham edirlər, amma ona ölüm yaxud həbsə layiq cəza vermək üçün heç bir əsas yoxdur. 30 Mənə çatdırılanda ki bu kişiyə qarşı bir sui-qəsd qurulub, dərhal onu sənin yanına göndərdim. Onu ittiham edənlərin də şikayətlərini sənə bildirmələrini əmr etdim». 31 Əsgərlər onlara verilən əmrə əməl edərək gecə ikən Paulu götürüb Antipatrisə apardılar. 32 Ertəsi gün atlıları Paulla birlikdə yollarına davam etmək üçün ötürəndən sonra qalaya qayıtdılar. 33 Atlılar Qeysəriyyəyə çatan kimi məktubu valiyə verəndə Paulu da ona təslim etdilər. 34 Vali məktubu oxuyandan sonra Paulun hansı vilayətdən olduğunu soruşdu. Öyrənəndə ki Kilikiyadandır, 35 belə dedi: «Səni ittiham edənlər gələndə sənin işinə baxacağam». Bundan sonra əmr verdi ki, Paulu Hirod sarayında nəzarət altında saxlasınlar.

< Həvarilərin Işləri 23 >