< Həvarilərin Işləri 16 >

1 Paul Derbe və Listraya gəldi. Listrada Timotey adlı bir İsa şagirdi var idi. Onun anası imanlı bir Yəhudi, atası isə Yunan idi. 2 Listra və Konyadakı imanlı bacı-qardaşlar onun barəsində xoş sözlər deyirdi. 3 Timoteyi özü ilə aparmaq istəyən Paul bu şəhərlərdəki Yəhudilərə görə onu sünnət etdi. Çünki hamı onun atasının Yunan olduğunu bilirdi. 4 Onlar şəhərbəşəhər gəzib-dolaşır, Yerusəlimdəki həvarilərlə ağsaqqalların qərara aldığı qaydaları imanlılara deyir və göstərirdi ki, bunlara riayət etsinlər. 5 Beləliklə, cəmiyyətlər imanda güclənir və sayı günbəgün artırdı. 6 Müqəddəs Ruh onlara imkan vermədi ki, Asiya vilayətində kəlamı yaysınlar. Ona görə də onlar Frigiya və Qalatiya ərazisini keçib getdilər. 7 Misiya sərhədinə gələrkən Bitinyaya getməyə çalışdılar. Amma İsanın Ruhu onlara izin vermədi. 8 Ona görə Misiyadan keçib Troasa getdilər. 9 O gecə Paul bir görüntü gördü. Makedoniyalı bir nəfər onun qarşısında durub yalvarırdı: «Makedoniyaya gəl və bizə kömək et!» 10 Paul bu görüntünü görəndən sonra Makedoniyaya getmək üçün dərhal bir yol axtardıq. Bundan nəticə çıxartdıq ki, Allah bizi orada Müjdə yaymaq üçün çağırır. 11 Troasdan yelkən açıb birbaşa Samotraki adasına və ertəsi gün isə Neapolisə gəldik. 12 Oradan Filipiyə keçdik. Bura Makedoniya bölgəsində əhəmiyyətli bir şəhərdir, əhalisi əsasən Romalılardır. Bu şəhərdə bir neçə gün qaldıq. 13 Şənbə günü şəhər darvazasından çıxıb çay kənarına getdik. Elə bildik ki, Yəhudilər adətən oraya dua etmək üçün yığılır. Oturduq, oraya yığılan qadınlarla söhbət etməyə başladıq. 14 Bizə qulaq asanlar arasında Tiatira şəhərindən tünd qırmızı parça satan, Allaha mömin olan Lidiya adlı bir qadın var idi. Paulun sözlərinə qulaq asmaq üçün Rəbb ona açıq ürək vermişdi. 15 Lidiya ev əhli ilə bərabər vəftiz olunduqdan sonra bizi evinə dəvət edib dedi: «Əgər siz məni Rəbbə sadiq bir insan kimi qəbul edirsinizsə, gəlin, mənim evimdə qalın». O bizi buna razı etdi. 16 Bir gün biz dua yerinə gedərkən falçılıq ruhuna tutulan bir qarabaş qarşımıza çıxdı. Bu qız baxıcılıq edərək öz ağalarına nə qədər qazanc gətirmişdi. 17 O, Paulun və bizim ardımızca düşərək qışqıra-qışqıra deyirdi: «Bu adamlar Allah-Taalanın qullarıdır. Sizə xilas yolunu bildirirlər». 18 Bunu günbəgün təkrar etdi. Bu, Paulu çox bezdirdi. Nəhayət, o çevrilib ruha dedi: «İsa Məsihin adı ilə sənə əmr edirəm, bu qızdan çıx!» Ruh dərhal qızdan çıxdı. 19 Qızın ağaları görəndə ki bu qazancdan ümidləri kəsildi, Paulla Silanı tutub bazar meydanına – rəhbərlərin qarşısına gətirdilər. 20 Onları hakimlərin qarşısına çıxararaq dedilər: «Bu adamlar Yəhudidir. Şəhərimizə qarışıqlıq salıblar. 21 Biz Romalılara qəbulu və icrası qadağan olunan adətləri yayırlar». 22 Xalq da Paulla Silanın əleyhinə çıxdı. Hakimlər əmr verdilər ki, onların əyinlərindəki paltarları soyundurub dəyənəklə döysünlər. 23 Onlara çox zərbə vurdular və sonra zindana atdılar. Zindanın baş mühafizəçisinə əmr etdilər ki, onları möhkəm nəzarət altında saxlasınlar. 24 Bu əmri alan baş mühafizəçi onları zindanın xüsusi otağına aparıb ayaqlarını kündəyə saldı. 25 Gecə yarısına yaxın Paulla Sila dua edir və Allaha ilahilər oxuyurdu. Digər məhbuslar da onlara qulaq asırdılar. 26 Birdən elə güclü zəlzələ oldu ki, zindanın təməli belə, yerindən oynadı. Bir andaca bütün qapılar açıldı, hamının zəncirləri töküldü. 27 Baş mühafizəçi oyanıb zindanın qapılarını açıq görəndə qılıncını çəkib canına qəsd etmək istədi. Elə bildi ki, məhbuslar qaçıb. 28 Amma Paul bərkdən qışqırıb dedi: «Canına qıyma, hamımız buradayıq!» 29 Baş mühafizəçi işıq gətirdib içəri qaçdı. Titrəyə-titrəyə Paul və Silanın qarşısında yerə döşəndi. 30 Onları bayıra çıxararaq soruşdu: «Ağalar, xilas olmaq üçün nə etməliyəm?» 31 Onlar dedilər: «Rəbb İsaya iman et, sən də, ev əhlin də xilas olarsınız». 32 Sonra həm ona, həm də onun ev əhlinə Rəbbin kəlamını bildirdilər. 33 Gecənin bu vədəsində baş mühafizəçi onları götürüb yaralarını yudu. Sonra həm özü, həm də ev əhli dərhal vəftiz oldu. 34 Paulla Silanı evinə aparıb onlar üçün süfrə açdı. Allaha iman etdiklərinə görə o və bütün ev əhli şad oldular. 35 Səhər açılanda hakimlər yasavullar göndərib dedilər: «Bu adamları azad et». 36 Baş mühafizəçi bu sözləri Paula çatdırdı: «Hakimlər xəbər göndərdi ki, siz azad ediləsiniz. İndi çıxın, arxayın gedin». 37 Amma Paul yasavullara belə dedi: «Roma vətəndaşı ola-ola bizi məhkəməsiz hamının qarşısında döyüb zindana atdılar. İndi bizi gizli-gizli qovmaq istəyirlərmi? Belə şey ola bilməz! Özləri gəlsin, bizi buradan çıxarsın!» 38 Yasavullar bu sözləri hakimlərə çatdırdılar. Hakimlər Paulla Silanın Roma vətəndaşı olduğunu eşidəndə qorxdular 39 və gəlib onlardan üzr istədilər. Sonra onları bayıra çıxarıb xahiş etdilər ki, şəhərdən çıxıb getsinlər. 40 Paulla Sila zindandan çıxandan sonra Lidiyanın evinə getdilər. İmanlı bacı-qardaşlarla görüşüb onları ruhlandırandan sonra yola düşüb getdilər.

< Həvarilərin Işləri 16 >