< Ikinci Padşahlar 15 >

1 İsrail padşahı Yarovamın padşahlığının iyirmi yeddinci ilində Yəhuda padşahı Amasyanın oğlu Azarya padşah oldu. 2 O padşah olduğu vaxt on altı yaşında idi və Yerusəlimdə əlli iki il padşahlıq etdi. Anası Yerusəlimdən olub adı Yekolya idi. 3 Azarya atası Amasyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 4 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. 5 Rəbb padşaha bəla göndərdi, o, ölüm gününə qədər cüzamlı oldu. Padşah başqa bir evdə yaşayırdı. Onun oğlu Yotam isə saraya başçılıq edərək ölkə xalqına hökm edirdi. 6 Azaryanın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 7 Azarya ataları ilə uyudu və onu Davudun şəhərində, atalarının yanında basdırdılar. Onun yerinə oğlu Yotam padşah oldu. 8 Yəhuda padşahı Azaryanın padşahlığının otuz səkkizinci ilində Yarovam oğlu Zəkəriyyə Samariyada İsrail üzərində padşah oldu və altı ay padşahlıq etdi. 9 O, atalarının etdiyi kimi Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 10 Yaveş oğlu Şallum ona qəsd hazırladı, onu xalqın qabağında vurub öldürdü və yerinə padşah oldu. 11 Zəkəriyyənin qalan işləri barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 12 Rəbbin Yehuya «dördüncü nəslinə qədər sənin övladların İsrail taxtında oturacaqlar» deyə söylədiyi sözə görə belə oldu. 13 Yəhuda padşahı Uzziyanın padşahlığının otuz doqquzuncu ilində Yaveş oğlu Şallum padşah oldu və Samariyada bir ay padşahlıq etdi. 14 Qadi oğlu Menaxem Tirsadan çıxıb Samariyaya gəldi. Samariyada Yaveş oğlu Şallumu vurub öldürdü və yerinə padşah oldu. 15 Şallumun qalan işləri və necə qəsd hazırladığı barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 16 O vaxt Menaxem Tirsadan çıxıb Tifsahda və onun ətrafında yaşayanların hamısını qırdı. Darvazaları onun üzünə açmadıqlarına görə onları məhv etdi və orada olan bütün hamilə qadınları doğradı. 17 Yəhuda padşahı Azaryanın padşahlığının otuz doqquzuncu ilində Qadi oğlu Menaxem İsrail üzərində padşah oldu və Samariyada on il padşahlıq etdi. 18 O, Rəbbin gözündə pis olan işlər etdi və bütün ömrü boyu Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 19 Aşşur padşahı Pul ölkəyə hücum etdi. Menaxem ona min talant gümüş verdi ki, padşahlığını möhkəmləndirmək üçün Pul onunla müttəfiq olsun. 20 Menaxem Aşşur padşahına vermək üçün İsrailin varlı adamlarının hamısından gümüş yığdı, onların hər birindən əlli şekel gümüş aldı. Onda Aşşur padşahı bu ölkədə qalmayıb geri qayıtdı. 21 Menaxemin qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 22 Menaxem ataları ilə uyudu və yerinə oğlu Peqahya padşah oldu. 23 Yəhuda padşahı Azaryanın padşahlığının əllinci ilində Menaxem oğlu Peqahya Samariyada İsrail üzərində padşah oldu və iki il padşahlıq etdi. 24 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 25 Peqahyanın mühafizəçilər rəisi Remalya oğlu Peqah ona qəsd hazırladı, Gileadlılardan əlli nəfərin köməyi ilə Samariyada sarayın qalasında onu Arqov və Arye ilə birgə vurub öldürdü və onun yerinə padşah oldu. 26 Peqahyanın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 27 Yəhuda padşahı Azaryanın padşahlığının əlli ikinci ilində Remalya oğlu Peqah Samariyada İsrail üzərində padşah oldu və iyirmi il padşahlıq etdi. 28 O, Rəbbin gözündə pis olan işlər etdi və Nevat oğlu Yarovamın İsrailə etdirdiyi günahlardan əl çəkmədi. 29 İsrail padşahı Peqahın dövründə Aşşur padşahı Tiqlat-Pileser gəlib İyonu, Avel-Bet-Maakanı, Yanoahı, Qedeşi, Xasoru, Gileadı, Qalileyanı və bütün Naftali torpağını tutdu, əhalisini də Aşşura sürgün etdi. 30 Ela oğlu Huşə Remalya oğlu Peqaha qəsd hazırladı, onu vurub öldürdü və Uzziya oğlu Yotamın padşahlığının iyirminci ilində onun yerinə padşah oldu. 31 Peqahın qalan işləri və etdiyi hər şey barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 32 İsrail padşahı Remalya oğlu Peqahın padşahlığının ikinci ilində Uzziya oğlu Yotam Yəhuda üzərində padşah oldu. 33 O, padşah olduğu vaxt iyirmi beş yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. Anası Sadoq qızı Yeruşa idi. 34 Yotam atası Uzziyanın etdiyi kimi Rəbbin gözündə doğru olan işlər etdi. 35 Lakin səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. O, Rəbbin məbədinin yuxarı darvazasını düzəltdi. 36 Yotamın qalan işləri və etdiyi hər şey barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 37 Rəbb o dövrdə Aram padşahı Resini və Remalya oğlu Peqahı Yəhudalıların üstünə göndərməyə başladı. 38 Yotam ataları ilə uyudu və babası Davudun şəhərində, atalarının yanında basdırıldı. Onun yerinə oğlu Axaz padşah oldu.

< Ikinci Padşahlar 15 >