< 2 Korinflilərə 8 >

1 Qardaşlar, sizə bildirmək istəyirik ki, Makedoniyadakı cəmiyyətlərə verilən Allahın lütfü nə etdi: 2 onlar böyük əziyyətlərlə sınananda coşğun sevincləri hədsiz yoxsul olduqları halda zəngin səxavət göstərmələri ilə aşıb-daşdı. 3 Mən şahidəm ki, onlar bunu bacardıqları qədər, hətta artıqlaması ilə, könüllü surətdə etdilər. 4 Bizə yalvara-yalvara müqəddəslərə yardım işinə şərik olmaq lütfünə nail olmaq istədilər. 5 Bu, gözlədiyimizdən də artıq oldu, çünki onlar özlərini əvvəlcə Rəbbə, sonra Allahın iradəsi ilə bizə həsr etdilər. 6 Ona görə Titdən xahiş etdik ki, onun başladığı bu xeyriyyə işini sizin aranızda başa çatdırsın. 7 Sizsə hər şeydə – imanda, sözdə, bilikdə, hər cür cəhddə, sizə göstərdiyimiz məhəbbətdə zəngin olduğunuz kimi bu xeyriyyəçilikdə də zəngin olun. 8 Mən bunları əmr edərək demirəm, lakin başqalarının cəhdi ilə müqayisədə sizin məhəbbətinizin həqiqiliyini sınaqdan keçirərək deyirəm. 9 Rəbbimiz İsa Məsihin lütfündən xəbərdarsınız: siz Onun yoxsulluğu vasitəsilə varlı olasınız deyə Özü varlı olduğu halda sizin uğrunuzda yoxsullaşdı. 10 Bu barədə sizə məsləhət verirəm. Siz keçən il bu işi nəinki gördünüz, hətta təşəbbüskarı oldunuz. Öz xeyriniz üçün 11 indi bu işi başa çatdırın. Buna həvəsiniz necə idisə, imkan daxilində bunu elə də başa çatdırın. 12 Çünki insanın həvəsi varsa, verdiyi yardım imkanı çatmadığı qədər yox, imkanına görə məqbul sayılır. 13 Sizi əziyyətə salıb başqalarına rahatlıq vermək deyil, bərabərlik istəyirik. 14 İndi sizin əlavə vəsaitiniz qoy onların ehtiyaclarını ödəsin ki, lazım olanda onların vəsaiti də sizin ehtiyacınızı ödəsin. Beləcə qoy bərabərlik olsun. 15 Necə ki yazılıb: «Çox yığanın artığı, az yığanın əskiyi olmadı». 16 Titin ürəyində sizin üçün eyni cəhdi oyadan Allaha şükür olsun! 17 Çünki Tit bizim xahişimizi qəbul etməklə kifayətlənmədi, böyük cəhd göstərərək könüllü surətdə sizin yanınıza gəlir. 18 Müjdəni yaydığına görə bütün cəmiyyətlərdə təriflənən bir qardaşı da onunla birgə yanınıza göndəririk. 19 Həmçinin o, Rəbbi izzətləndirmək və yardım etməyə həvəsli olduğumuzu göstərmək üçün apardığımız bu xeyriyyə işində yol yoldaşımız olmaq məqsədi ilə cəmiyyətlər tərəfindən seçildi. 20 Bu bol olan nəzir-niyazla əlaqədar xidmətimizdə heç kim bizdə səhv tutmasın deyə diqqət göstəririk. 21 Çünki məqsədimiz yalnız Rəbbin gözündə deyil, insanların da gözündə doğru sayılan işləri görməkdir. 22 Çox işdə dəfələrlə sınaqdan keçirib cəhdini gördüyümüz, indi sizə bəslədiyi böyük etibar sayəsində daha da cəhd göstərən başqa qardaşımızı da onlarla bərabər göndəririk. 23 Titə gəlincə, o mənim şərikim, sizlərin arasında çalışan əməkdaşım, qardaşlarımızsa Məsihin izzəti üçün cəmiyyətlərin elçiləridir. 24 Buna görə də cəmiyyətlərin qarşısında məhəbbətinizi və sizinlə fəxr etməyimizin səbəbini onlara sübut edin.

< 2 Korinflilərə 8 >