< 2 Korinflilərə 7 >

1 Sevimlilər, bu vədlərə malik olduğumuza görə Allahdan qorxub kamil müqəddəsliyə çataraq bizi cisimdə və ruhda murdarlayan hər şeydən özümüzü təmizləyək. 2 Ürəyinizdə bizim üçün yer ayırın. Biz heç kimə haqsızlıq etməmişik, heç kimə zərər verməmişik, heç kimi istismar etməmişik. 3 Sözlərimlə sizi məhkum etmək istəmirəm, çünki əvvəlcədən dediyim kimi ürəyimizdə elə bir yeriniz var ki, ölsək də, yaşasaq da sizinlə bir olacağıq. 4 Sizə çox etibar edirəm, sizinlə çox fəxr edirəm. Nə cür əziyyət çəksək belə, təsəllim bol, sevincim hədsizdir. 5 Makedoniyaya gələndə də cismən dinclik tapmadıq. Hər tərəfdən əziyyət çəkirdik. Bayırda çəkişmələr, daxildə qorxular var idi. 6 Lakin məzlumlara təsəlli verən Allah Titin gəlişi ilə bizə təsəlli verdi. 7 Ancaq Titin gəlişindən deyil, sizin ona verdiyiniz təsəllidən də təsəlli aldıq. Çünki Tit dedi ki, siz məndən ötrü darıxır, dərd və qeyrət çəkirsiniz. Buna görə sevincim daha da artdı. 8 Məktubumla sizi kədərləndirdimsə də, buna görə peşman deyiləm. Əslində məktubumla sizi bir anlıq da olsa kədərləndirdiyim üçün peşman olmuşdum. 9 Amma indi kədərinizə görə yox, bu kədər hissinin sizin tövbə etmənizə səbəb olduğu üçün sevinirəm. Allah istəyən tərzdə kədərləndiniz, buna görə də bizdən heç bir şeydə ziyan görmədiniz. 10 Allah istəyən tərzdə olan kədər insanda tövbə yaradıb onu xilasa aparır və bunda peşmançılıq yoxdur. Dünyanın kədəri isə ölüm yaradır. 11 Baxın Allah istəyən tərzdə çəkdiyiniz bu kədər sizdə nə qədər böyük cəhd, təmizə çıxmaq arzusu, qəzəb, qorxu, həsrət, qeyrət, ədalətpərvərlik yaratdı. Bu işdə hər cəhətdən saf olduğunuz barədə zəmanət verdiniz. 12 Sizə o məktubu yazanda haqsızlıq edənə yaxud haqsızlığa məruz qalana görə yazmadım. Bizim üçün etdiyiniz cəhdi Allah önündə aydın görməniz üçün yazdım. 13 Bütün bunlardan təsəlli alırıq. Buna əlavə olaraq Titin sevinci bizi daha da sevindirdi. Hamınız onun ruhunu təzələdiniz. 14 Mən onun qarşısında sizinlə fəxr etmişdim, siz də məni utandırmadınız. Sizə dediyimiz hər şey necə doğru idisə, Titin qarşısında sizinlə fəxr etməyimiz də doğru çıxdı. 15 Hamınızın itaətli olduğunuzu, onu necə qorxu və lərzə ilə qəbul etdiyinizi yada saldıqca sizə olan sevgisi daha da artır. 16 Sizə hər işdə etibar edə bildiyim üçün sevinirəm.

< 2 Korinflilərə 7 >