< 2 Korinflilərə 10 >

1 Yanınızda ürkək, lakin sizdən uzaq ikən cürətli olan mən Paul Məsihdən gələn həlimlik və mülayimliklə sizdən xahiş edir, 2 yalvarıram: yanınıza gələndə məni vadar etməyin ki, bizi cismani təbiətə görə həyat sürən insanlar zənn edən bəzi adamlara göstərməyi vacib saydığım cürəti sizə də göstərim. 3 Çünki cismən həyat sürsək də, cismani təbiətə görə döyüş aparmırıq. 4 Ona görə ki döyüş silahlarımız cisimdən düzəldilən silahlar deyil, qalaları dağıdan ilahi qüvvəyə malik silahlardır. Nəzəriyyələri, 5 Allah barədə biliyə qarşı çıxan hər bir səddi yıxıb hər bir düşüncəni əsir edərək Məsihə itaət etdiririk. 6 Siz Məsihə tamamilə itaət edəndə hər cür itaətsizliyi cəzalandırmağa hazır olacağıq. 7 Göz qabağında olanlara baxın. Kim Məsihə aid olduğuna arxalanırsa, yadda saxlasın ki, onun qədər biz də Məsihə aidik. 8 Sizi yıxmaq üçün deyil, inkişaf etdirmək üçün Rəbbin bizə verdiyi səlahiyyətə görə bir az artıq öyünsəm də, utanmaram. 9 Elə görünmək istəmirəm ki, məktublarımla sizi qorxuduram. 10 Mənim barəmdə deyirlər ki, «onun məktubları ciddi və təsirlidir, özünü görəndə isə zəhmsiz, nitqi də heçdir». 11 Kim bunu düşünürsə, qoy bilsin ki, uzaqda olanda məktublarımızla dediklərimizə yanınızda olanda da əməl edirik. 12 Öz-özü barədə zəmanət verən bəzi adamlarla özümüzü bərabər saymağa və yaxud da müqayisə etməyə sözsüz ki cəsarət etmirik. Özlərini öz arşınları ilə ölçə-ölçə, həmçinin özlərini özləri ilə müqayisə edə-edə onlar dərrakələrini itirdilər. 13 Biz isə hədsiz öyünməyəcəyik. Öyünməyimiz Allahın bizə verdiyi, sizin də daxil olduğunuz iş dairəsinin həddini aşmayacaq. 14 Sizə yetişməyənlər kimi uzaqlara getmirik. Çünki Məsihin Müjdəsini sizə çatdıran bizik. 15 Başqalarının əməyi ilə öyünüb həddimizi aşmırıq. Ümidvarıq ki, imanınız böyüdükcə aranızda işimizin əhatə dairəsi daha da genişlənəcək. 16 Beləcə başqasının işinin əhatə dairəsində olan nailiyyətlərlə öyünmədən Müjdəni sizin o tayınızdakı diyarlarda da yaya biləcəyik. 17 «Öyünən Rəbdə öyünsün». 18 Çünki özü barədə zəmanət verən insan yox, barəsində Rəbbin zəmanət verdiyi insan sınaqdan keçmiş olur.

< 2 Korinflilərə 10 >