< Ikinci Salnamələr 11 >

1 Rexavam Yerusəlimə gəldi. O, İsraillilərlə müharibə edib öz padşahlığını qaytarmaq üçün Yəhuda və Binyamin evini – yüz səksən min seçmə döyüşçünü topladı. 2 Ancaq Allah adamı Şemayaya Rəbbin bu sözü nazil oldu: 3 «Yəhuda padşahı Süleyman oğlu Rexavama, Yəhuda və Binyamində olan bütün İsraillilərə söylə ki, 4 Rəbb belə deyir: “Getməyin və soydaşlarınızla müharibə etməyin. Hər kəs öz evinə qayıtsın, çünki bu iş Mənim tərəfimdən oldu”». Onlar Rəbbin sözünə qulaq asdılar və Yarovamın üzərinə getməkdən əl çəkdilər. 5 Rexavam Yerusəlimdə yaşadı və Yəhudada müdafiə olunmaq üçün bu şəhərləri tikdi. 6 Bet-Lexem, Etam, Teqoa, 7 Bet-Sur, Soko, Adullam, 8 Qat, Mareşa, Zif, 9 Adorayim, Lakiş, Azeqa, 10 Sora, Ayyalon və Xevron. O, Yəhuda və Binyamin torpağında olan bu qalalı şəhərləri tikdi. 11 Qalaları möhkəmlədib onlara rəislər təyin etdi və ərzaq, yağ, şərab ehtiyatı gördü. 12 Hər şəhərə sipər və nizələr qoydu, onları çox möhkəmləndirdi. Beləcə Yəhuda ilə Binyamin torpaqları onun tərəfində qaldı. 13 Bütün İsraildə olan kahinlər və Levililər onların bütün mahallarından gəlib Rexavamın yanına toplandı. 14 Levililər otlaqlarını və mülklərini qoyub Yəhudaya və Yerusəlimə gəldilər. Çünki Yarovam onları oğulları ilə birgə Rəbbə kahinlik etməkdən kənar etmişdi. 15 O, səcdəgahlar, təkə bütləri və düzəltdiyi dana bütləri üçün özünə kahinlər qoymuşdu. 16 Onların ardınca bütün İsrail qəbilələrindən olan İsrailin Allahı Rəbbi sidq ürəkdən axtarmaq istəyənlər atalarının Allahı Rəbbə qurban təqdim etmək üçün Yerusəlimə gəldilər. 17 Yəhuda padşahlığını möhkəmləndirdilər və üç il Süleymanın oğlu Rexavama kömək etdilər. Çünki üç il Davudun və Süleymanın yolu ilə getdilər. 18 Rexavam Maxalatı özünə arvad aldı. Maxalat Davudun oğlu Yerimotunla Yesseyin oğlu Eliavın qızı Avihayilin qızı idi. 19 O, Rexavama oğullar – Yeuşu, Şemaryanı, Zahamı doğdu. 20 Rexavam Maxalatdan sonra Avşalomun qızı Maakanı aldı. O, Aviyanı, Attayı, Zizanı və Şelomiti doğdu. 21 Rexavam Avşalomun qızı Maakanı bütün arvadları və cariyələrindən daha çox sevirdi. O, on səkkiz arvad və altmış cariyə almışdı, iyirmi səkkiz oğul və altmış qız atası oldu. 22 Rexavam Maaka oğlu Aviyanı qardaşları arasında padşah etmək üçün ayıraraq vəliəhd təyin etdi. 23 Ağıllı davranıb bütün Yəhuda və Binyamin torpağında hər qalalı şəhərə oğullarını göndərdi və onlara bol ərzaq verdi, onlar üçün çoxlu arvad aldı.

< Ikinci Salnamələr 11 >