< Birinci Şamuel 3 >

1 Gənc Şamuel Elinin başçılığı altında Rəbbə xidmət edirdi. O vaxt Rəbbin sözünün nazil olması və görüntülərin görülməsi nadir hallarda baş verirdi. 2 Bir gecə Eli yatağında uzanmışdı. Onun gözləri zəif olduğuna görə yaxşı görmürdü. 3 Şamuel isə Rəbbin məbədində – Allahın sandığı olan yerdə uzanmışdı və Allahın çırağı hələ sönməmişdi. 4 Rəbb Şamueli çağırdı. O «buradayam» deyə cavab verdi. 5 Sonra da Elinin yanına qaçıb «məni çağırdın, mən buradayam» dedi. Amma Eli «mən çağırmamışam, get yat» deyə cavab verdi. Şamuel gedib yatdı. 6 Rəbb «Şamuel!» deyə yenidən çağırdı. Şamuel yenə qalxıb Elinin yanına getdi və «Məni çağırdın? Mən buradayam!» dedi. Eli yenə də «mən çağırmadım oğlum, get yat» deyə cavab verdi. 7 Şamuel Rəbbi hələ tanımırdı və Rəbbin sözü ona açılmamışdı. 8 Rəbb üçüncü dəfə Şamueli çağırdı və Şamuel yenə qalxaraq Elinin yanına gedib dedi: «Bax buradayam, məni sən çağırdın». O anda Eli anladı ki, gənc Şamueli çağıran Rəbdir. 9 Buna görə də Şamuelə dedi: «Get uzan, yenə səni çağırarsa, belə deyərsən: “Danış, ya Rəbb, qulun Səni eşidir”». Şamuel gedib yerində yatdı. 10 Rəbb gəlib orada durdu və əvvəlki kimi «Şamuel! Şamuel!» deyə çağırdı. Şamuel dedi: «Danış, ya Rəbb, qulun Səni eşidir». 11 Rəbb Şamuelə belə dedi: «Bax İsraildə elə bir iş görəcəyəm ki, eşidənin qulaqları cingildəyəcək. 12 Həmin gün Elinin evi haqqında dediklərimin hamısını əvvəldən axıra qədər yerinə yetirəcəyəm. 13 Çünki ona çatdırmışdım ki, özü bildiyi günahlarına görə onun evini əbədi məhkum edəcəyəm. Oğulları özlərini alçaltdılar. Eli isə onların qarşısını almadı. 14 Buna görə də and içmişəm ki, Elinin ailəsinin günahı heç vaxt nə qurban, nə də başqa təqdimlərlə bağışlanmayacaq». 15 Şamuel səhərə qədər uzandı, sonra Rəbbin ibadətgahının qapılarını açdı. Eşitdiyi görüntünü isə Eliyə bildirməyə qorxdu. 16 Amma Eli onu «Şamuel, oğlum» deyə səslədi. Şamuel cavab verib dedi: «Bəli, buradayam». 17 Eli ondan soruşub dedi: «Rəbb sənə nə dedi? Rica edirəm, məndən gizlətmə. Əgər sənə dediklərindən birini belə, məndən gizlətsən, Allah sənə beləsini və bundan betərini etsin». 18 Bundan sonra Şamuel heç nə gizlətmədi və ona hər şeyi danışdı. Eli də dedi: «O, Rəbdir, gözündə nə xoşdursa, onu da etsin». 19 Şamuel böyüdü. Rəbb onunla idi və Rəbb onun sözlərindən heç birini boşa çıxartmadı. 20 Rəbbin Şamueli peyğəmbər kimi təsdiq etdiyini Dandan Beer-Şevaya qədər bütün İsrail bildi. 21 Rəbb yenə Şiloda görünməyə başladı. O Özünü Şamuelə kəlamı ilə göstərmişdi.

< Birinci Şamuel 3 >