< Birinci Şamuel 26 >

1 Ziflilər Giveaya, Şaulun yanına gəlib dedilər: «Davud Yeşimon şəhəri ilə üzbəüz olan Xakila təpəsində gizlənmirmi?» 2 Şaul durub Davudu axtarmaq üçün özü ilə bərabər İsraildən üç min seçmə adam götürərək Zif səhrasına endi. 3 O, Yeşimonla üzbəüz olan Xakila təpəsindəki yol kənarında ordugah qurdu. Səhrada qalan Davud Şaulun onun ardınca düşüb gəldiyini gördü. 4 Davud kəşfiyyatçılar göndərdi və həqiqətən, Şaulun gəldiyini öyrəndi. 5 O qalxıb Şaulun ordugah qurduğu yerə gəldi və Şaulla ordu başçısı Ner oğlu Avnerin yatdığı yerə baxdı. Şaul ordugahın içərisində yatırdı. Xalq onun yanında düşərgə salmışdı. 6 Davud Xetli Aximelekə və Yoavın qardaşı Seruya oğlu Avişaya dedi: «Kim mənimlə Şaulun yanına – ordugaha enər?» Avişay dedi: «Mən səninlə enərəm». 7 Davud və Avişay gecə xalqın yanına çatdılar və budur, Şaul ordugahın içərisində yatıb yuxuya getmişdi, nizəsi isə başı üstündə yerə sancılmışdı. Avnerlə xalq isə onun ətrafında yatırdı. 8 Avişay Davuda dedi: «Allah bu gün düşmənini sənə təslim etdi. İndi isə qoy nizə ilə onu birdəfəlik yerə elə yapışdırım ki, ikinci dəfə vurmağa ehtiyac olmasın». 9 Davud Avişaya dedi: «Yox, onu öldürmə! Bax Rəbbin məsh etdiyinə əl qaldıran günahsız sayılarmı?» 10 Davud yenə dedi: «Var olan Rəbbə and olsun, Rəbb onu mütləq vuracaq. Elə gün gələcək ki, öz əcəli ilə öləcək ya da döyüşdə həlak olacaq. 11 Qoy Rəbbin məsh etdiyinə əl qaldırmaqdan Rəbb Özü məni uzaq etsin. Rica edirəm, indi başının yanındakı nizəsini və su qabını götür gedək». 12 Davud Şaulun başının yanındakı nizəsi ilə su qabını götürdü və onlar getdilər. Onları görən olmadı. Bu işi bilən və oyanan da olmadı. Rəbb tərəfindən onların üstünə dərin yuxu gəldiyinə görə hamı yatmışdı. 13 Davud qarşı tərəfə keçib uzaqda, dağın başında durdu; onların arasında xeyli məsafə var idi. 14 Davud xalqa və Ner oğlu Avnerə «ey Avner, mənə cavab ver» deyə qışqırdı. Avner də cavab verdi: «Sən kimsən ki, qışqıra-qışqıra padşahı çağırırsan?» 15 Davud Avnerə dedi: «Sən igidsən? İsraildə sənə bənzər kim var ki? Bəs niyə ağan padşahın keşiyini çəkmirsən? Axı xalq arasından biri ağan padşahı öldürmək üçün gəlmişdi. 16 İşini yaxşı görmürsən. Var olan Rəbb haqqı, hamınız ölümə layiq adamlarsınız, ona görə ki ağanızın – Rəbbin məsh etdiyinin keşiyini çəkmirsiniz. Bax padşahın başının yanında olan nizə və su qabı indi haradadır?» 17 Şaul Davudun səsini tanıyıb dedi: «Bu sənin səsindirmi, oğlum Davud?» Davud dedi: «Mənim səsimdir, ağam padşah». 18 Sonra sözünə davam etdi: «Ağam nə üçün qulunu belə təqib edir? Nə etmişəm ki? Əlimdən nə pislik gəlib? 19 Rica edirəm, ağam padşah indi qulunun sözlərinə qulaq assın. Əgər mənə qarşı səni qaldıran Rəbdirsə, bir təqdim qəbul etməyə razı olsun, yox, əgər bəşər övladlarıdırsa, qoy onlar Rəbb qarşısında lənətə gəlsinlər. Belə ki “get özgə allahlara qulluq et” deyərək Rəbbin irsindən pay almayım deyə məni qovdular. 20 Qoy qanım Rəbbin hüzurundan uzaq yerdə tökülməsin. Dağlarda necə kəklik ovlayırlarsa, indi İsrail padşahı da bir tək birəni axtarmaq üçün eləcə ova çıxıb». 21 Şaul dedi: «Günah etdim, qayıt, oğlum Davud. Mənim canım bu gün sənin gözündə qiymətli olduğu üçün bir daha sənə pislik etməyəcəyəm. Bax ağılsızlıq edib lap çox yanıldım». 22 Davud cavab verdi: «Budur nizən, ey padşah! Qoy nökərlərindən biri gəlib onu aparsın. 23 Rəbb hər kəsə öz salehliyinin və sədaqətinin əvəzini verəcək. Bu gün Rəbb səni mənə təslim etdiyi halda mən Rəbbin məsh etdiyinə əl qaldırmaq istəmədim. 24 Qoy bu gün sənin canın gözümdə necə qiymətlidirsə, mənim canım da Rəbbin gözündə elə qiymətli olsun və məni hər çətinlikdən qurtarsın». 25 Şaul Davuda dedi: «Oğlum Davud, bəxtiyar olasan! Sən böyük işlər görüb mütləq qalib gələcəksən». Bundan sonra Davud öz yolu ilə getdi və Şaul da öz yerinə qayıtdı.

< Birinci Şamuel 26 >