< 1 Peter 2 >

1 Beləliklə, hər cür pisliyi, hiyləni, ikiüzlülüyü, paxıllığı və hər cür böhtançılığı üzərinizdən atın. 2 Anadan təzə olmuş çağalar kimi pak ruhani südə susayın ki, bununla bəslənib böyüyərək xilasa nail olasınız. 3 Çünki siz daddınız ki, Rəbb nə qədər xeyirxahdır. 4 İnsanların rədd etdiyi, amma Allahın qiymətli sayıb-seçdiyi diri Daşa, Rəbbə yaxınlaşaraq 5 özünüz də diri daşlar kimi hörülün ki, ruhani ev qurulsun. Orada müqəddəs kahin dəstəsi olasınız və İsa Məsih vasitəsilə Allaha məqbul olan ruhani qurbanlar təqdim edəsiniz. 6 Çünki Müqəddəs Yazıda yazılıb: «Budur, Sionda bir daş, Seçilmiş, qiymətli bir guşədaşı qoyuram. Ona iman edən kəs əsla utandırılmaz». 7 Beləliklə, iman edən sizlər üçün bu daş qiymətlidir, amma iman etməyənlər üçün «bənnaların rədd etdiyi daş guşədaşı olub», 8 «büdrəmə daşı və yıxma qayası» da oldu. Onlar kəlama itaət etmədikləri üçün büdrəyir və onların təyinatı budur. 9 Amma siz seçilmiş nəsil, Padşahın kahin dəstəsi, müqəddəs millət, Allaha məxsus olan xalqsınız. Sizi qaranlıqdan Öz heyrətamiz nuruna çağıran Allahın çox gözəl işlərini elan etmək üçün seçilmisiniz. 10 Bir zamanlar xalq deyildiniz, amma indi Allahın xalqısınız. Bir zamanlar mərhəmət tapmamışdınız, indi isə mərhəmət almısınız. 11 Sevimlilər, sizə yalvarıram, cana qarşı mübarizə aparan cismani ehtiraslardan uzaqlaşın. Çünki siz bu dünyada qərib və gəlməsiniz. 12 İmanlı olmayanların arasında yaxşı həyat tərzi sürün ki, sizi pislik edən adamlar kimi təqsirləndirib böhtan atsalar da, yaxşı işlərinizi müşahidə edib Allahın onlara yaxınlaşdığı gündə Onu izzətləndirsinlər. 13 İnsanın yaratdığı hər quruma Rəbb naminə tabe olun; həm ali hakimiyyət olduğuna görə padşaha, 14 həm də pislik edənləri cəzalandırmaq, yaxşılıq edənləri də tərifləmək üçün onun tərəfindən göndərilən valilərə tabe olun. 15 Çünki Allahın iradəsi yaxşılıq edərək axmaqların cahilliyini susdurmanızdır. 16 Azad insanlar kimi yaşayın. Amma azadlığınızı pislik etmək üçün bəhanə saymayıb Allahın qulları olaraq yaşayın. 17 Hamıya hörmət edin. İmanlı bacı-qardaşları sevin, Allahdan qorxun, padşaha hörmət edin. 18 Ey xidmətçilər! Yalnız xeyirxah və mülayimlərə deyil, zalım ağalarınıza da tam ehtiramla tabe olun. 19 Əgər biri Allah qarşısındakı vicdan naminə, haqsız yerə əzab çəkib kədərə tab gətirirsə, bu, tərifə layiqdir. 20 Axı etdiyiniz günahlara görə döyülsəniz və buna dözsəniz, bu sizə nə şərəf gətirər? Amma siz yaxşılıq etdiyiniz üçün əzab çəkib dözsəniz, bu Allah qarşısında tərifə layiqdir. 21 Siz məhz bunun üçün çağırıldınız. Çünki Məsih də sizin üçün əzab çəkdi və sizə nümunə oldu ki, siz də Onun izi ilə gedəsiniz. 22 O heç bir günah etmədi, Ağzından hiylə sözü çıxmadı. 23 Onu söydülər, O isə cavabında söymürdü, Əzab çəkərək heç kimi hədələmirdi, Əksinə, ədalətli Hakimə Özünü təslim etdi. 24 O, bədəni çarmıxa çəkilərək bizim günahlarımızı Öz üzərinə götürdü ki, biz günaha münasibətdə ölüb salehlik üçün yaşayaq. Onun yaraları ilə siz şəfa tapdınız. 25 Hamınız qoyun kimi yolunuzu azmışdınız, indi isə canınızın Çobanına və Nəzarətçisinə tərəf döndünüz.

< 1 Peter 2 >