< Birinci Padşahlar 22 >

1 Üç il keçdi. Bu müddətdə Aramla İsrail arasında müharibə getmirdi. 2 Üçüncü ildə Yəhuda padşahı Yehoşafat İsrail padşahının yanına gəldi. 3 İsrail padşahı əyanlarına dedi: «Bilirsiniz ki, Ramot-Gilead bizimdir? Biz isə onu Aram padşahının əlindən almaq üçün heç nə etmirik». 4 Sonra o, Yehoşafata dedi: «Sən mənimlə birgə vuruşmaq üçün Ramot-Gileada gedirsənmi?» Yehoşafat İsrail padşahına dedi: «Məni özün kimi, xalqımı xalqın kimi, atlarımı atların kimi hesab et». 5 Yehoşafat yenə İsrail padşahına dedi: «Əvvəlcə görək Rəbbin sözü nədir?» 6 İsrail padşahı dörd yüzə qədər peyğəmbəri topladı və onlara dedi: «Vuruşmaq üçün Ramot-Gileada gedim ya getməyim?» Onlar dedilər: «Get, Xudavənd onu padşaha təslim edəcək». 7 Yehoşafat dedi: «Burada olanlardan başqa, Rəbbin bir peyğəmbəri yoxdur ki, ondan soruşaq?» 8 İsrail padşahı Yehoşafata dedi: «Rəbdən soruşmaq üçün bir nəfər də var: İmla oğlu Mikeya. Ancaq mənim ondan zəhləm gedir, çünki yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edir». Yehoşafat dedi: «Qoy padşah belə söyləməsin». 9 İsrail padşahı bir saray xidmətçisini çağırıb dedi: «Tez İmla oğlu Mikeyanı buraya gətir». 10 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Samariya darvazalarının girəcəyindəki meydanda şahlıq libası geymiş halda hər biri öz taxtında oturmuşdu və bütün peyğəmbərlər onların önündə peyğəmbərlik edirdilər. 11 Kenaana oğlu Sidqiya özünə dəmir buynuzlar düzəldib dedi: «Rəbb belə deyir: “Aramlıları qırıb qurtarana qədər onları beləcə buynuzlayacaqsan”». 12 Bütün peyğəmbərlər də peyğəmbərlik edərək deyirdilər: «Ramot-Gileada get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». 13 Mikeyanı çağırmaq üçün gedən qasid ona dedi: «İndi peyğəmbərlər padşaha bir ağızdan xoş sözlər deyirlər. Sənin sözün də onlardan birinin sözü kimi olsun və yaxşılığa danış». 14 Mikeya dedi: «Var olan Rəbbə and olsun ki, Rəbb mənə nə desə, onu söyləyəcəyəm». 15 O, padşahın yanına gəldi və padşah ona dedi: «Mikeya, vuruşmaq üçün Ramot-Gileada gedək, yoxsa getməyək?» Mikeya ona dedi: «Get, qalib gələcəksən, Rəbb onu padşaha təslim edəcək». 16 Padşah ona dedi: «Səni neçə dəfə and içdirim ki, mənə Rəbbin adı ilə həqiqətdən başqa bir şey söyləməyəcəksən?» 17 Mikeya dedi: «Mən bütün İsrailliləri təpələr üstündə çobanı olmayan sürü kimi səpələnmiş gördüm. Rəbb dedi: “Onların ağaları yoxdur. Qoy hər biri salamat öz evinə qayıtsın”». 18 İsrail padşahı Yehoşafata dedi: «Sənə demədimmi o mənim yaxşılığıma deyil, pisliyimə peyğəmbərlik edəcək?» 19 Mikeya dedi: «Onda Rəbbin sözünü eşit. Mən Rəbbi Öz taxtında oturmuş və bütün göylər ordusunu Onun sağında və solunda durmuş gördüm. 20 Rəbb dedi: “Ramot-Gileada gedib həlak olması üçün Axavı kim tovlayacaq?” Biri elə dedi, o biri belə. 21 Bir ruh irəli çıxıb Rəbbin önündə dayandı və dedi: “Mən onu tovlayaram”. Rəbb ona dedi: “Necə?” 22 O dedi: “Mən çıxıb bütün peyğəmbərlərin ağzında yalançı bir ruh olaram”. Rəbb dedi: “Sən onu tovlayacaqsan, bunu bacarırsan, get və belə et”». 23 Mikeya davam etdi: «İndi, budur, Rəbb sənin bütün bu peyğəmbərlərinin ağzına yalançı bir ruh qoymuşdur. Beləcə Rəbb sənin başına bəla gətirməyi qərara aldı». 24 Kenaana oğlu Sidqiya yaxınlaşdı və Mikeyanın yanağına vurub dedi: «Rəbbin Ruhu səndə danışmaq üçün məndən sənə necə keçdi?» 25 Mikeya dedi: «Sən gizlənmək üçün iç otağa girdiyin gün bunu biləcəksən». 26 İsrail padşahı dedi: «Mikeyanı götür, onu şəhər rəisi Amonun və padşahın oğlu Yoaşın yanına göndər. 27 Onlara söylə ki, padşah belə deyir: “Bu adamı zindana atın və mən salamat qayıdana qədər ona çox az çörək və su verərək zülm edin”». 28 Mikeya dedi: «Əgər sən salamat qayıtsan, Rəbb mənim vasitəmlə danışmamışdır». Sonra dedi: «Ey camaat, hamınız eşidin!» 29 İsrail padşahı və Yəhuda padşahı Yehoşafat Ramot-Gileada getdilər. 30 İsrail padşahı Yehoşafata dedi: «Mən qiyafəmi dəyişib döyüşə girəcəyəm, ancaq sən öz şahlıq libasını gey». İsrail padşahı qiyafəsini dəyişib döyüşə girdi. 31 Aram padşahı öz döyüş arabalarının otuz iki başçısına «nə kiçiklə, nə də böyüklə vuruşun, yalnız İsrail padşahı ilə döyüşə girin» deyə əmr etmişdi. 32 Döyüş arabalarının başçıları Yehoşafatı görəndə dedilər: «Yəqin İsrail padşahı budur». Dönüb onunla vuruşmağa getdilər. Onda Yehoşafat çığırdı. 33 Döyüş arabalarının başçıları onun İsrail padşahı olmadığını görəndə ardınca getməyib geri qayıtdılar. 34 Bir adam nişan almadan yay çəkib İsrail padşahını zirehlərin birləşdiyi yerdən vurdu. Padşah arabaçısına dedi: «Döndər və məni döyüşdən çıxar, çünki yaralanmışam». 35 O gün döyüş qızışdı. Padşah öz döyüş arabasında Aramlıların önündə söykənib dayandı. Döyüş arabası onun yarasının qanına bulaşdı. Axşam o öldü. 36 Günəş batmaqda ikən ordugahın içində «Hər kəs öz şəhərinə! Hər kəs öz ölkəsinə!» deyə car çəkildi. 37 Beləcə padşah öldü və onu Samariyaya gətirib orada basdırdılar. 38 Arabanı Samariya hovuzunun suyunda yudular. Rəbbin söylədiyi sözə görə köpəklər onun qanını yaladı. O hovuzda fahişələr yuyunardı. 39 Axavın qalan işləri və onun etdiyi hər şey, fil sümüyündən tikdiyi saray və tikdiyi bütün şəhərlər barədə İsrail padşahlarının salnamələr kitabında yazılmışdır. 40 Axav ataları ilə uyudu və yerinə oğlu Axazya padşah oldu. 41 İsrail padşahı Axavın padşahlığının dördüncü ilində Asa oğlu Yehoşafat Yəhuda üzərində padşah oldu. 42 Yehoşafat padşah olduğu vaxt otuz beş yaşında idi. O, Yerusəlimdə iyirmi beş il padşahlıq etdi. Anasının adı Şilxi qızı Azuva idi. 43 O, atası Asanın yolu ilə getdi və Rəbbin gözündə doğru olan işlər edərək bunlardan kənara çıxmadı. Ancaq səcdəgahlar aradan qaldırılmadı, xalq hələ səcdəgahlarda qurban gətirir və buxur yandırırdı. 44 Yehoşafat İsrail padşahı ilə sülh içində yaşadı. 45 Yehoşafatın qalan işləri, onun göstərdiyi hünər və necə döyüşdüyü barədə Yəhuda padşahlarının salnamələr kitabında yazılmışdır. 46 O, atası Asanın qovmadığı məbəd fahişəliyi ilə məşğul olan kişiləri ölkədən qovdu. 47 Edomda padşah yox idi, bir canişin orada hökmranlıq edirdi. 48 Yehoşafat qızıl dalınca Ofirə getmək üçün Tarşiş gəmiləri düzəltdi. Ancaq gedə bilmədilər, çünki gəmilər Esyon-Geverdə parçalandı. 49 Onda Axav oğlu Axazya Yehoşafata dedi: «Qoy gəmilərdə sənin adamlarınla birgə mənim adamlarım da getsinlər». Ancaq Yehoşafat razı olmadı. 50 Yehoşafat ataları ilə uyudu və atası Davudun şəhərində, ataların yanında basdırıldı. Onun yerinə oğlu Yehoram padşah oldu. 51 Yəhuda padşahı Yehoşafatın padşahlığının on yeddinci ilində Axav oğlu Axazya Samariyada İsrail üzərində padşah oldu. O, iki il İsrail üzərində padşahlıq etdi. 52 Axazya Rəbbin gözündə pis olan işlər etdi, ata-anasının və İsrailə günah etdirmiş Nevat oğlu Yarovamın yolu ilə getdi. 53 Axazya atasının etdiyi kimi Baala qulluq və səcdə edərək İsrailin Allahı Rəbbi qəzəbləndirdi.

< Birinci Padşahlar 22 >