< Birinci Padşahlar 2 >

1 Davudun ölüm günü yaxınlaşanda oğlu Süleymana vəsiyyət edərək dedi: 2 «Bu yaxınlarda mən də hamı kimi dünyadan köçəcəyəm. Sən möhkəm və igid ol. 3 Allahın Rəbbin verdiyi buyruğu yerinə yetirib Onun yolları ilə get və Musanın Qanununda yazıldığı kimi Allahın qaydalarına, əmrlərinə, hökmlərinə və göstərişlərinə əməl et ki, elədiyin hər işdə və getdiyin hər yerdə uğur qazanasan. 4 Onda Rəbb mənə verdiyi bu sözü yerinə yetirəcək: “Əgər övladların öz yollarına diqqət etsələr, bütün ürəkləri və canları ilə Mənə sadiq qalsalar, İsrail taxtında sənin nəslindən bir kişi əskik olmayacaq”. 5 Sən Seruya oğlu Yoavın mənə nə elədiyini bilirsən: İsrail ordusunun iki başçısı Ner oğlu Avnerlə Yeter oğlu Amasanı öldürərək sülh zamanı hərb qanı tökdü və belindəki kəmərlə ayağındakı çarıqları qana bulaşdırdı. 6 Sən öz hikmətinə görə davran, qoy onun ağarmış başı ölülər diyarına salamat enməsin. (Sheol h7585) 7 Gileadlı Barzillayın oğullarına xeyirxahlıq et, qoy süfrəndə yemək yeyənlərin arasında olsunlar. Çünki mən qardaşın Avşalomun önündən qaçdığım vaxt onlar mənə kömək etdilər. 8 Baxurimdən olan Binyaminli Gera oğlu Şimey də sənin yanındadır. Maxanayimə getdiyim gün o məni ağır lənətlədi. Ancaq sonra məni qarşılamaq üçün İordan çayı sahilinə endi və mən ona “səni qılıncla öldürməyəcəyəm” deyə Rəbbin haqqı üçün and içdim. 9 İndi onu cəzasız qoyma, çünki sən müdrik adamsan və ona nə edəcəyini bilirsən. Onun ağarmış başını qan içində ölülər diyarına göndər». (Sheol h7585) 10 Davud ataları ilə uyudu və Davudun şəhərində basdırıldı. 11 Davud İsrail üzərində qırx il padşah olmuşdu: yeddi il Xevronda və otuz üç il Yerusəlimdə padşahlıq etmişdi. 12 Süleyman atası Davudun taxtında oturdu və onun padşahlığı çox möhkəm oldu. 13 Haqqit oğlu Adoniya Süleymanın anası Bat-Şevanın yanına gəldi. Bat-Şeva dedi: «Xeyirlə gəlirsənmi?» Adoniya «bəli» deyə cavab verdi. 14 Sonra dedi: «Sənə söyləyəcək sözüm var». Bat-Şeva «söylə» dedi. 15 O dedi: «Sən bilirsən ki, padşahlıq mənim idi və bütün İsraillilər mənim padşah olacağımı gözləyirdilər, ancaq hər şey dəyişdi, padşahlıq qardaşımın əlinə keçdi, çünki Rəbb belə etdi. 16 İndi səndən bir xahişim var, mənə “yox” demə». Bat-Şeva ona «söylə» dedi. 17 O dedi: «Xahiş edirəm, padşah Süleymana söylə – o sənə “yox” deməz – qoy Şunemli Avişaqı mənə arvad olmaq üçün versin». 18 Bat-Şeva dedi: «Yaxşı, mən səndən ötrü padşahla danışaram». 19 Bat-Şeva Adoniya barədə padşah Süleymanla danışmaq üçün onun yanına getdi. Padşah onu qarşılamaq üçün ayağa qalxdı və ona təzim etdi, sonra taxtına oturdu. Padşah anası üçün də bir taxt qoydurdu. O, padşahın sağında oturdu, 20 sonra dedi: «Mənim səndən kiçik bir xahişim var, mənə “yox” demə». Padşah ona dedi: «Söylə, ana, mən sənə “yox” demərəm». 21 Bat-Şeva dedi: «Şunemli Avişaqı qardaşın Adoniyaya arvad olmaq üçün ver». 22 Padşah Süleyman anasına cavab verib dedi: «Niyə Adoniya üçün Şunemli Avişaqı istəyirsən? Padşahlığı da onun üçün istə, üstəlik onunla birlikdə kahin Evyatarla Seruya oğlu Yoav üçün istə. Axı o mənim böyük qardaşımdır!» 23 Padşah Süleyman Rəbbin haqqı üçün and içərək dedi: «Əgər Adoniya bu sözü öz həyatı bahasına söyləməmişsə, Allah mənə beləsini və bundan betərini etsin. 24 İndi məni möhkəmləndirib atam Davudun taxtında oturtmuş və söylədiyi kimi mənə bir ev qurmuş var olan Rəbbə and olsun ki, Adoniya hökmən bu gün öldürüləcək!» 25 Padşah Süleyman Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Adoniyanı vurdu və o öldü. 26 Padşah kahin Evyatara da dedi: «Anatota, öz tarlalarına get! Sən ölümə layiqsən, amma indi səni öldürmürəm. Çünki atam Davudun önündə Xudavənd Rəbbin sandığını daşıyırdın və atamın çəkdiyi hər əzabı sən də çəkirdin». 27 Beləcə Süleyman Evyatarı Rəbbin kahinliyindən qovdu. Bununla da Elinin evinə qarşı Rəbbin Şiloda söylədiyi söz yerinə yetdi. 28 Xəbər Yoava çatdı. Yoav Avşaloma qoşulmadığı halda Adoniyanın tərəfini tutmuşdu. Buna görə də o, Rəbbin ibadət çadırına qaçdı və qurbangahın buynuzlarından yapışdı. 29 Padşah Süleymana söylədilər: «Yoav Rəbbin ibadət çadırına qaçdı və indi qurbangahın yanındadır». Süleyman «get, onu öldür» deyə Yehoyada oğlu Benayanı göndərdi. 30 Benaya Rəbbin ibadət çadırına gəlib Yoava dedi: «Çıx, padşah belə deyir!» O dedi: «Yox, burada öləcəyəm». Benaya padşaha «Yoav belə dedi və mənə bu cavabı verdi» deyə xəbər gətirdi. 31 Padşah ona dedi: «Onun dediyi kimi et: onu orada öldür və basdır ki, Yoavın səbəbsiz tökdüyü qanın təqsirini mənim və atamın evi üzərindən götürəsən. 32 Rəbb onun qanını öz başına döndərəcək, çünki o özündən daha saleh və daha yaxşı olan iki nəfəri qılıncla vurdu: atam Davudun xəbəri olmadan İsrail ordusunun başçısı Ner oğlu Avnerlə Yəhuda ordusunun başçısı Yeter oğlu Amasanı öldürdü. 33 Beləcə onların qanı həmişəlik Yoavın və onun nəslinin üstündə qalacaq, amma Rəbb Davuda, onun nəslinə, evinə və taxtına əbədi əmin-amanlıq verəcək». 34 Yehoyada oğlu Benaya yuxarıya getdi, Yoavı vurub öldürdü və onu çöldəki evində basdırdılar. 35 Padşah Yoavın yerinə Yehoyada oğlu Benayanı ordu başçısı qoydu. Evyatarın yerinə isə kahin Sadoqu təyin etdi. 36 Padşah Şimeyi çağırtdırıb ona dedi: «Yerusəlimdə özünə bir ev tik və orada yaşa, heç yerə getmə. 37 Oradan çıxıb Qidron vadisini keçdiyin gün, bil ki, hökmən öləcəksən və qanın öz üstündə qalacaq». 38 Şimey padşaha dedi: «Sözünlə razıyam, ağam padşah necə dedisə, qulun elə də edəcək». Şimey uzun müddət Yerusəlimdə yaşadı. 39 Üçüncü ilin sonunda Şimeyin iki qulu Qat padşahı Maaka oğlu Akişin yanına qaçdı. Şimeyə xəbər gəldi ki, qulları Qatdadır. 40 O qalxıb eşşəyini palanladı, qullarını axtarmaq üçün Qata, Akişin yanına gedib onları Qatdan gətirdi. 41 Şimeyin Yerusəlimdən Qata gedib-gəlmək xəbəri Süleymana çatdı. 42 Padşah Şimeyi çağırtdırıb ona dedi: «Səni Rəbbin haqqına and içdirmədimmi? “Çıxıb bir yerə getdiyin gün, bil ki, hökmən öləcəksən!” deyə sənə xəbərdarlıq etmədimmi? Sən də mənə “yaxşı, sözünlə razıyam” demədinmi? 43 Elə isə Rəbbə içdiyin anda və sənə verdiyim əmrə niyə əməl etmədin?» 44 Sonra padşah Şimeyə dedi: «Sən atam Davuda qarşı ürəyində saxladığın və etdiyin pisliklərin hamısını bilirsən. Pisliyini Rəbb sənin öz başına döndərəcək. 45 Amma qoy padşah Süleyman xeyir-dua alsın və Davudun taxtı Rəbbin önündə əbədi möhkəmlənsin». 46 Padşah Yehoyada oğlu Benayaya əmr etdi, Benaya da gedib Şimeyi vurdu və o öldü. Beləliklə, Süleymanın padşahlığı möhkəmləndi.

< Birinci Padşahlar 2 >