< 1 Korinflilərə 7 >

1 İndi isə «kişi qadına toxunmasa yaxşıdır» yazdığınıza gəlincə, 2 əxlaqsızlığın qabağını almaq üçün hər kişinin öz arvadı, hər qadının da öz əri olsun. 3 Ər arvadına aid, arvad da ərinə aid olan nikah borcunu yerinə yetirsin. 4 Arvadın bədəni özünün yox, ərinin ixtiyarındadır. Eləcə də kişinin bədəni özünün yox, arvadının ixtiyarındadır. 5 Müvəqqəti olaraq razılıqla, dua üçün vaxt ayırmaqdan savayı bir-birinizi ər-arvadlıq təminatından məhrum etməyin. Bundan sonra yenə də bir yerdə olun ki, nəfsinizə hakim olmadığınıza görə Şeytan sizi sınağa çəkməsin. 6 Bunları əmr kimi yox, güzəşt kimi deyirəm. 7 Çünki bütün insanların mənim kimi olmasını istərdim. Amma hər bir insanın Allahdan aldığı öz ənamı var – birininki belədir, digərininki başqa cürdür. 8 Evli olmayanlara və dul qadınlara isə bunu deyirəm: mənim kimi qalsalar, onlar üçün yaxşı olar. 9 Əgər özlərini saxlaya bilmirlərsə, qoy ailə qursunlar. Çünki ehtirasdan yanmaqdansa ailə qurmaq daha yaxşıdır. 10 Evli olanlara isə mən əmr edirəm, daha düzgün desəm, Rəbb əmr edir: qadın ərindən ayrılmasın. 11 Ayrılırsa, ərsiz qalmalıdır yaxud əri ilə barışmalıdır. Ər də arvadını boşamasın. 12 Başqalarına isə Rəbb yox, mən deyirəm ki, əgər bir qardaşın iman etməyən arvadı var və arvad onunla yaşamağa razıdırsa, əri onu boşamasın. 13 Bir arvadın iman etməyən əri varsa və əri onunla yaşamağa razıdırsa, qoy arvadı ondan boşanmasın. 14 Çünki iman etməmiş ər arvadı vasitəsilə təqdis olunur və iman etməmiş arvad imanlı əri vasitəsilə təqdis olunur. Əks halda uşaqlarınız natəmiz olardı, indi isə onlar müqəddəsdir. 15 İman etməyən ayrılırsa, qoy ayrılsın. Qardaş ya da bacı belə hallarda məcburiyyət qarşısında deyil. Allah sizi sülhdə yaşamağa çağırıb. 16 Ey qadın, ərini xilas edib-etməyəcəyini haradan bilirsən? Yaxud sən, ey ər, arvadını xilas edib-etməyəcəyini haradan bilirsən? 17 Amma hər kəs Allahın ona təyin etdiyi kimi Rəbbin çağırışına uyğun həyat sürsün. Bunu bütün cəmiyyətlərə əmr edirəm. 18 Əgər bir nəfər sünnətli olaraq çağırış aldısa, sünnət olunmanı aradan qaldırmasın. Digəri isə sünnətsiz olaraq çağırış aldısa, qoy sünnət olunmasın. 19 Sünnətlilik də, sünnətsizlik də əhəmiyyət kəsb etmir, əhəmiyyət kəsb edən isə Allahın əmrlərini yerinə yetirməkdir. 20 Qoy hər kəs çağırış aldığı vaxt nə vəziyyətdə idisə, elə də qalsın. 21 Çağırış alanda qul idinsə, fikir eləmə. Amma əgər azad olmağa imkanın varsa, bu fürsəti əldən vermə. 22 Çünki Rəbdə çağırış alan vaxt qul artıq Rəbbin azad insanıdır. Eləcə də çağırış alan vaxt azad insan Məsihin quludur. 23 Siz çox baha qiymətə satın alınmısınız, insanlara qul olmayın! 24 Ey qardaşlar, hər kəs çağırış alanda nə vəziyyətdə idisə, eləcə Allahla birlikdə qalsın. 25 İndi isə qızlara gəlincə, bu barədə Rəbdən əmr almamışam. Amma etibara layiq olmaq üçün Rəbbin mərhəmətinə nail olmuş bir insan kimi öz fikirlərimi deyirəm. 26 Məncə, indi yaranmış çətin vəziyyətə görə insanın olduğu kimi qalması yaxşıdır. 27 Arvadınla nikahla bağlısansa, ondan azad olmağını arzu etmə. Arvadın yoxdursa, özünə arvad axtarma. 28 Amma evlənməyin günah deyil. Qızın da ərə getməsi günah deyil. Amma belə adamlar bu həyatda əziyyət çəkəcəklər. Mən sizi bundan qorumaq istəyirəm. 29 Qardaşlar, bunu demək istəyirəm: vaxta az qalıb. Bundan sonra arvadı olanlar olmayanlar kimi, 30 yas tutanlar tutmayanlar kimi, sevinənlər sevinməyənlər kimi, mal alanlar malı olmayanlar kimi, 31 bu dünyanın işlərindən faydalananlar bu işlərdən uzaq olanlar kimi olsunlar. Çünki bu dünyanın indiki vəziyyəti keçib-gedir. 32 Sizin qayğısız olmanızı istəyirəm. Subay kişi Rəbbi necə razı salmaq barəsində düşünüb Rəbbin işlərinin qayğısına qalır. 33 Evli isə arvadını razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır 34 və diqqəti yayınır. Ərsiz qadın yaxud qız da Rəbbin işlərinin qayğısına qalır ki, həm bədəndə, həm də ruhən müqəddəs olsun. Ərli qadın isə ərini razı salmaqdan ötrü dünyəvi işlərin qayğısına qalır. 35 Bunu azadlığınızı məhdudlaşdırmaq üçün yox, yalnız sizin xeyrinizə deyirəm ki, ədəblə davranıb fikirlərinizi dağıtmadan özünüzü Rəbbə həsr edəsiniz. 36 Əgər bir nəfər nişanlandığı qızla düzgün davranmadığını düşünürsə, yaşı çatıb və evlənmək lazım gəlirsə, qoy o adam istədiyini etsin. O, günah etmir. Qoy onlar evlənsin. 37 Amma kim ürəyində qəti niyyət tutub, könüllü surətdə, öz nəfsinə hakim olaraq nişanlandığı qızla evlənməmək qərarına gəlirsə, o adam da yaxşı edir. 38 Buna görə də nişanlısı ilə evlənən yaxşı edir, evlənməyənsə daha yaxşı edir. 39 Arvad əri sağ ikən ona bağlı qalır. Əgər əri vəfat etsə, arvad azaddır və kimə istəsə, ərə gedə bilər. Lakin o kişi Rəbdə olmalıdır. 40 Amma fikrimcə, dul qadın olduğu kimi qalsa, daha xoşbəxt olar. Zənnimcə, məndə də Allahın Ruhu var.

< 1 Korinflilərə 7 >