< 1 Korinflilərə 4 >

1 Beləcə insanlar bizi Məsihin xidmətçiləri və Allahın sirli niyyətini yerinə yetirən idarəçiləri saysın. 2 İdarəçilərdənsə tələb olunur ki, etibara layiq olsunlar. 3 Siz yaxud insan məhkəməsi mənim işlərimi təhlil edirsə, bu mənim üçün çox az əhəmiyyət kəsb edir; hətta mən öz işlərimi təhlil etmirəm. 4 Heç bir şeyə görə vicdan əzabı çəkməsəm də, beləcə özümə haqq qazandırmıram. Çünki mənim işlərimi təhlil edən Rəbdir. 5 Buna görə də münasib vaxtdan əvvəl, yəni Rəbb gəlməyənədək heç bir işi mühakimə etməyin. O gəlib qaranlıqda gizlənən şeylərə işıq salacaq və insan ürəklərinin niyyətlərini aşkara çıxaracaq. Onda hər kəs Allahdan ona düşən tərifi alacaq. 6 Ey qardaşlar, bizdən nümunə alaraq «yazılanlardan kənara çıxmayın» məsəlinin mənasını öyrənəsiniz deyə bunları özümə və Apolloya tətbiq etdim ki, heç kim başqasının qarşısında lovğalanıb o birisinə xor baxmasın. 7 Axı səni kim başqalarından fərqləndirir? Nəyin var ki onu əldə etməmisən? Əgər əldə etmisənsə, nə üçün əldə etməmiş kimi öyünürsən? 8 Siz daha doymusunuz! Siz artıq varlanmısınız! Siz bizsiz padşah olmusunuz! Kaş ki siz, doğrudan, padşah olaydınız ki, biz də sizinlə bərabər padşahlıq edəydik! 9 Çünki mənə elə gəlir ki, Allah biz həvariləri ölümə məhkum olunanlar kimi ən sonda nümayiş etdirdi. Biz də həm dünya, həm mələklər, həm də insanlar üçün bir tamaşa olduq. 10 Biz Məsih naminə ağılsızıq, sizsə Məsihdə ağıllısınız! Biz zəifik, siz güclüsünüz! Siz şərəfli adamsınız, bizsə hörmətsiz! 11 Bu vaxtadək biz ac-susuz və cındır içindəyik. Biz döyülürük, qalmağa yerimiz də yoxdur. 12 Öz əllərimizlə işləyib zəhmət çəkirik. Bizə böhtan atanda xeyir-dua veririk, təqib olunanda dözürük, 13 təhqir olunanda mülayim cavab veririk. Biz bu anadək dünyanın zibili, hamının tullantısı kimi olmuşuq. 14 Bunları sizi utandırmaq üçün yox, sevimli övladlarım kimi sizə öyüd-nəsihət vermək üçün yazıram. 15 Çünki sizin Məsih yolunda minlərlə mürəbbiniz olsa belə, atalarınız azdır; mən Müjdə vasitəsilə Məsih İsada olan atanız oldum. 16 Buna görə sizə yalvarıram, məndən nümunə götürün. 17 Bu səbəbə görə Rəbdə mənə sadiq və sevimli olan oğlum Timoteyi sizin yanınıza göndərdim. O sizə hər yerdə, hər bir imanlılar cəmiyyətində öyrətdiyim kimi Məsih İsada getdiyim yolları xatırladacaq. 18 Sizdən bəziləri elə bilir ki, mən yanınıza gəlməyəcəyəm və buna görə də lovğa-lovğa danışırlar. 19 Amma Rəbb istəsə, mən bu yaxında yanınıza gələcəyəm. O vaxt bu lovğaların sözlərini yox, gücünü yoxlayacağam. 20 Çünki Allahın Padşahlığı sözdən deyil, gücdən ibarətdir. 21 Siz nə istəyirsiniz? Yanınıza dəyənəklə, yoxsa məhəbbət və həlimlik ruhu ilə gəlim?

< 1 Korinflilərə 4 >