< Birinci Salnamələr 28 >

1 Davud İsrailin bütün başçılarını – qəbilə başçılarını, padşaha xidmət edən bölmələrin başçılarını, minbaşıları və yüzbaşıları, padşahla oğullarının bütün mülkünə və heyvanlarına baxanların başçılarını, saray xidmətçilərini, sərkərdələri və bütün igid adamları Yerusəlimə topladı. 2 Padşah Davud ayağa qalxıb dedi: «Ey qardaşlarım və xalqım, məni dinləyin! Ürəyimdə Allahımızın kətili və Rəbbin Əhd sandığı üçün bir rahatlıq evi tikmək arzusu var idi və onu tikmək üçün hazırlıq gördüm. 3 Ancaq Allah mənə dedi: “Sən Mənim adıma məbəd tikməyəcəksən, çünki sən hərb adamısan və qan tökmüsən”. 4 Lakin İsrailin Allahı Rəbb İsrail üzərində əbədi olaraq padşah olmaq üçün bütün nəslimdən məni seçdi, çünki hökmdar olmaq üçün O, Yəhudanı və Yəhuda qəbiləsindən mənim nəslimi seçdi. Bütün İsrail üzərində padşah etmək üçün nəslimin arasında mən xoşuna gəldim. 5 Rəbbin mənə verdiyi çoxlu oğul arasından da İsrail üzərində Rəbbin padşahlıq taxtında oturmaq üçün oğlum Süleymanı seçdi. 6 Rəbb mənə dedi: “Oğlun Süleyman da həmin adamdır ki, Mənim məbədimi və həyətlərimi tikəcək, çünki onu Özümə oğul seçdim və Mən ona Ata olacağam. 7 Əgər bu gün olduğu kimi əmrlərimə və hökmlərimə əməl etməkdə sadiq olsa, onun padşahlığını əbədi olaraq möhkəmləndirəcəyəm”. 8 İndi isə bütün İsraillilərin, Rəbbin camaatının gözü önündə və Allahımız eşidərkən belə tapşırıram: “Allahınız Rəbbin bütün əmrlərinə əməl edin, onları öyrənin ki, bu nemətli torpaqda qalasınız və sizdən sonra övladlarınıza onu əbədi miras verəsiniz”. 9 Sən də, oğlum Süleyman, atanın Allahını tanı, səmimi qəlbdən və həvəslə Ona qulluq et, çünki Rəbb bütün ürəkləri sınayır və ağılların bütün istəklərini bilir. Əgər Onu axtarsan, sən Onu tapacaqsan. Əgər Onu tərk etsən, O da səni əbədi olaraq atacaq. 10 İndi bax Rəbb səni Müqəddəs məkan olan bir ev tikmək üçün seçmişdir, sən də möhkəm ol və bu işi gör». 11 Davud oğlu Süleymana eyvanın, onun evlərinin, xəzinələrinin, yuxarı otaqların, iç otaqların, Kəffarə yerinin, fikrində olan bütün bunların təsvirini və 12 Ruhun vasitəsilə ona aşkar olmuş bütün bunların təsvirini verdi: Rəbbin məbədinin həyətləri, ətrafdakı bütün otaqlar, Allah məbədinin xəzinələri, təqdis olunan şeylərin xəzinələri, 13 kahinlərin və Levililərin bölükləri, Rəbbin məbədində hər cür xidmət işi, Rəbbin məbədində olan bütün xidmət əşyaları, 14 hər cür xidmət üçün işlədilən bütün qızılın çəkisinə görə qızıl əşyalar, hər cür xidmət üçün işlədilən gümüşün çəkisinə görə gümüş əşyalar, 15 hər çıraqdanın və onun çıraqlarının çəkisinə görə qızıl çıraqdanlar və onların qızıl çıraqları, hər cür xidmət üçün çəkisinə görə gümüş çıraqdanlar və onların çıraqları, 16 təqdis çörəkləri qoyulan masalar üçün hər masanın çəkisinə görə qızıl, hər gümüş masa üçün gümüş, 17 xalis qızıldan olan çəngəllər, piyalələr və dolçalar, hər kasanın çəkisinə görə qızıl kasalar, hər kasanın çəkisinə görə gümüş kasalar, 18 çəkisinə görə xalis qızıldan buxur qurbangahı. Davud həm də qanadlarını açıb Əhd sandığını örtən Rəbbin arabası olan qızıl keruvların təsvirini verdi. 19 Davud dedi: «Bunların hamısının təsviri bütün təfsilatı ilə yazılı şəkildə Rəbb tərəfindən mənə aşkar edildi». 20 Davud oğlu Süleymana dedi: «Möhkəm və cəsarətli ol, bu işi gör, qorxma və ruhdan düşmə, çünki Rəbb Allah, mənim Allahım səninlədir. O, Rəbbin məbədinin bütün xidmət işi sona çatmamış səni atmaz və tərk etməz. 21 Allah məbədinin bütün xidməti üçün kahinlərin və Levililərin bölükləri hazır durub. Sənin yanında bütün işlər üçün hər cür xidməti bacaran könüllü adamlar da var. Rəislər və bütün xalq sənin hər əmrini gözləyir».

< Birinci Salnamələr 28 >