< Zəbur 75 >
1 Musiqi rəhbəri üçün Asəfin «Al-taşxet» üstə oxunan məzmuru. Bir ilahi. Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir!
2 Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm.
3 Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. (Sela)
4 Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin,
5 Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”».
6 İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir.
7 Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir.
8 Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq.
9 Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam.
10 Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq.