< Zəbur 16 >

1 Davudun miktamı. Ey Allah, məni hifz et, Sənə pənah gətirmişəm. 2 Rəbbə dedim: «Mənim Xudavəndim Sənsən. Səndən başqa mənim xoşbəxtliyim yoxdur. 3 Yer üzünün müqəddəsləri isə nəcib insanlardır, Yalnız belələrindən zövq alıram. 4 Yad allahların ardınca qaçanların dərdi artacaq, Onlar üçün qan təqdimləri vermərəm, Adlarını dilimə gətirmərəm. 5 Ya Rəbb, mənim qismətimsən, kasama düşən paysan, Püşkümə düşən Səndən asılıdır. 6 Qismətimə gözəl yerlər düşdü, Bəli, mənə nemət nəsib oldu. 7 Mənə nəsihət verən Rəbbə alqış edirəm, Hətta gecələr də vicdanım mənə ağıl öyrədir. 8 Rəbbə həmişə üz tutmuşam, Sağımda olduğu üçün sarsılmaram. 9 Elə bunun üçün qəlbim sevinir, ruhum şad olur, Cismim əmin-amanlıqda yaşayır. 10 Çünki məni ölülər diyarına atmazsan, Mömin insanını qəbirə salmazsan. (Sheol h7585) 11 Mənə həyat yolunu öyrədirsən, Doyunca sevinc Sənin hüzurundadır, Sağ əlində hər zaman səadət var».

< Zəbur 16 >