< Ikinci Salnamələr 28 >
1 Axaz padşah olduğu vaxt iyirmi yaşında idi və Yerusəlimdə on altı il padşahlıq etdi. O, babası Davuddan fərqli olaraq Rəbbin gözündə doğru olan işlər etmədi.
2 Axaz İsrail padşahlarının yolları ilə getdi, həm də Baallar üçün tökmə bütlər düzəltdi.
3 Ben-Hinnom vadisində buxur yandırdı və Rəbbin İsrail övladları önündən qovduğu millətlərin iyrənc əməllərini edərək oğullarını odda yandırdı.
4 O, səcdəgahlarda, təpələr üzərində və hər kölgəli ağac altında qurban gətirər və buxur yandırardı.
5 Bundan ötrü Allahı Rəbb onu Aram padşahına təslim etdi. Aramlılar onu məğlub edib çoxlu əsir götürdülər və onları Dəməşqə gətirdilər. Özü də İsrail padşahına təslim edildi. O da onu böyük tələfatla məğlub etdi.
6 Remalya oğlu Peqah Yəhudada yüz iyirmi min adamı bir gündə öldürdü, hamısı igid adam idi. Çünki onlar atalarının Allahı Rəbbi tərk etmişdi.
7 Efrayimli bir igid olan Zikri padşahın oğlu Maaseyanı və saray rəisi Azriqamı, padşahdan sonra ikinci adam olan Elqananı da öldürdü.
8 İsraillilər öz qohumlarından qadınlar, oğullar, qızlar, iki yüz min nəfər əsir götürdü, həm də onlardan çoxlu qənimət götürüb Samariyaya apardılar.
9 Ancaq orada Rəbbin bir peyğəmbəri vardı, adı Oded idi. O, Samariyaya gələn ordunun qarşısına çıxdı və onlara dedi: «Budur, atalarınızın Allahı Rəbb Yəhudaya qarşı qəzəbləndiyi üçün onları sizə təslim etdi, siz də göylərə çatan qəzəblə onları öldürdünüz.
10 İndi Yəhuda və Yerusəlim xalqını kölə və cariyə olaraq özünüzə tabe etmək istəyirsiniz. Ancaq sizin də Allahınız Rəbbə qarşı təqsiriniz yoxdurmu?
11 İndi mənə qulaq asın! Qohumlarınızdan aldığınız əsirləri geri göndərin, çünki Rəbbin qızğın qəzəbi üzərinizdədir».
12 Efrayimlilərin başçılarından olan Yehoxanan oğlu Azarya, Meşillemot oğlu Berekya, Şallum oğlu Yexizqiya və Xadlay oğlu Amasa döyüşdən gələnlərə qarşı qalxıb dedi:
13 «Əsirləri buraya gətirməyin, çünki etmək istədiyiniz şey Rəbbə qarşı üzərimizə təqsir gətirməklə günahlarımızı və təqsirlərimizi artıracaq. Onsuz da təqsirimiz çoxdur və İsrail üzərinə qızğın qəzəb var».
14 Silahlı əsgərlər əsirləri və qəniməti rəislərin və bütün camaatın önünə qoydular.
15 Adları çəkilən adamlar qalxdı və əsirləri götürüb onlardan çılpaq olanların hamısını qənimətdən götürülmüş paltar və çarıqla geyindirdilər. Onları yedirib-içirdilər və onlara yağ sürtdülər, zəif olanların hamısını eşşəklərə mindirdilər və onları xurma ağacları şəhəri Yerixoya – qohumlarının yanına apardılar və sonra Samariyaya qayıtdılar.
16 O zaman padşah Axaz özü üçün kömək istəyərək Aşşur padşahlarına xəbər göndərdi.
17 Çünki yenə Edomlular gəlib Yəhudalıları məğlub edib əsir götürmüşdülər.
18 Filiştlilər də yamaclı-düzənlikli bölgədə və Yəhudanın cənubunda olan şəhərlərə basqın etdilər. Bet-Şemeşi, Ayyalonu, Gederotu və Soko ilə qəsəbələrini, Timna ilə qəsəbələrini və Gimzo ilə qəsəbələrini almışdılar və orada yaşayırdılar.
19 Beləcə İsrail padşahı Axazın üzündən Rəbb Yəhudanı alçaltmışdı, çünki o, Yəhudada azğınlıq edib Rəbbə qarşı çox xainlik etmişdi.
20 Aşşur padşahı Tiqlat-Pileser onun üstünə gəlib kömək etmək əvəzinə onu sıxışdırdı.
21 Axaz Rəbbin məbədindən, saraydan və rəislərin evlərindən pay toplayıb onu Aşşur padşahına vermişdi. Ancaq bu ona kömək etmədi.
22 Bu padşah Axaz sıxıntılı vaxtında Rəbbə qarşı xainliyi artırdı.
23 Onu məğlub edən Dəməşqlilərin bütlərinə qurban kəsdi və dedi: «Madam ki Aram padşahlarının allahları onlara kömək etdilər, mən də onlara qurban kəsəcəyəm ki, mənə də kömək etsinlər». Ancaq bunlar onun və bütün İsrailin büdrəməsinə səbəb oldu.
24 Axaz Allahın məbədinin əşyalarını yığıb parçaladı və Rəbbin məbədinin qapılarını bağladı. Yerusəlimin hər küncündə özü üçün qurbangahlar,
25 Yəhudanın hər şəhərində başqa allahlara buxur yandırmaq üçün səcdəgahlar düzəltdi. Beləcə atalarının Allahı Rəbbi qəzəbləndirdi.
26 Onun qalan işləri və bütün əməlləri, ilk işlərindən son işlərinə qədər Yəhuda və İsrail padşahlarının kitabında yazılmışdır.
27 Axaz ataları ilə uyudu və onu Yerusəlim şəhərində basdırdılar. Onu İsrail padşahlarının qəbirlərinə qoymadılar. Onun yerinə oğlu Xizqiya padşah oldu.